Minimum əmək haqqı ilə bağlı ÖNƏMLİ AÇIQLAMALARbackend

Minimum əmək haqqı ilə bağlı ÖNƏMLİ AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda minimum əməkhaqqının artırılması və saatlıq əmək haqqı rejiminə keçilməsi mövzusu yenidən gündəmdədir. Rəsmilərin açıqlamasında deyilir ki, bu sistemin tətbiqi işçi hüquqlarının gücləndirilməsi və sosial rifahın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Hökumət bu addımları ataraq, işçilərin sosial müdafiəsini gücləndirmək və əmək bazarında daha ədalətli şərait yaratmaq məqsədi güdür.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, minimum əmək haqqının artırılması milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, işçilərin əməyinin daha layiqli şəkildə qiymətləndirilməsini təmin edəcək. Eyni zamanda saatlıq əmək haqqı rejiminə keçid, iş vaxtının daha səmərəli təşkili və işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addım kimi təqdim edilir. Bu dəyişikliklərin əmək bazarında daha çevik və müasir yanaşmaların tətbiqinə şərait yaradacağı və işçilərin öz hüquqlarını daha asan şəkildə qorumaq imkanını artıracağı bildirilir.

Qeyd edək ki, əmək haqqının saathesabı müəyyənləşdirilməsi Dünya Bankının təklifidir. Belə ki, Azərbaycan Dünya Bankının “Business Ready” hesabatı üzrə qiymətləndirməyə hazırlaşır. Bu yeni hesabatdan irəli gələn tövsiyələrə uyğun olaraq Azərbaycan hökuməti hesabatın “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlayıb. Yol Xəritəsində məşğulluq, əmək bazarı, əməyin qiymətləndirilməsi üzrə bir sıra tədbirlərin görülməsinə dair təkliflər öz əksini tapıb ki, onlardan biri də minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsidir. Burada minimum əmək haqqının strukturuna yenidən baxılması və əməyin qiymətləndirilməsi meyarının günlük deyil, saatlıq hesablanması təklif olunur.

Azərbaycanın Əmək Məcəlləsinə əsasən ölkəmizdə günlük iş saatı 8, həftəlik isə 40 saatdan artıq ola bilməz. Minimum əmək haqqı bu tələb əsasında müəyyənləşib. Təqvim ayının iş günü sayı təxminən 22-23 günə bərabər olduğuna görə hazırda 345 manat təşkil edən minimum əmək haqqı üzrə bir günlük əməyin dəyəri 15-15,7 manat təşkil edir. Bir saata düşən minimum əmək haqqı isə 1,8- 1,95 manata bərabərdir. Yəni hazırkı qanunvericiliklə saatlıq əmək haqqı hesabı olarsa, 1 saat üçün işçiyə bundan aşağı maaş təyin oluna bilməz. Çünki minimum aylıq əmək haqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Əməyin qiymətləndirilməsini təmin edən bu siyasətin əsas məzmunu işçilərin həyat şəraitini yüksəltməyə, yoxsulluq səviyyəsini azaltmağa və biznesin effektli olması yönündə stimul yaradılmasına xidmət edir. Azərbaycanda minimum əmək haqqı müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Dünya Bankının təklifi əslində əməyin qiymətləndirilməsində səmərəliliyin təmin edilməsinə, konkret olaraq işlədiyi saatlar üzrə əməyin real qiymətləndirilməsinə xidmət edir. Aydın məsələdir ki, bank bu təklifi dünya təcrübəsinə əsaslanmaqla irəli sürüb. Məlumdur ki, bu praktikadan inkişaf etmiş ölkələrdə, xüsusilə də Avropada geniş istifadə olunur. Avropa ölkələrində minimum aylıq əmək haqqı anlayışı yoxdur, bu ölkələrdə orta və median əmək haqqı var. Minimum hədd 1 iş saatı üçün müəyyənləşdirilir. Eyni zamanda aylıq iş saatın miqdarına da minimum tələblər qoyulur. Bu tələblərə əməl olunması həmkarlar təşkilatları, işəgötürənlər və dövlətin nəzarətçi qurumları tərəfindən birgə həyata keçirilir. Hazırda Avropada bir saat əməyin dəyəri orta hesabla 20-35 avro təşkil edir. İşçi gün ərzində 8 saat, ayda 170 saat çalışdığı halda onun 3000-4500 avro civarında əmək haqqı yaranır. İşçinin günün müxtəlif saatlarında iş rejimi 8 saat, digər günlərdə 4,5, 6 saat da ola bilər. Bu, işəgötürən və işçi ilə razılaşdırılmış əmək və ya mülki müqavilədə öz əksini tapır. Amma iş saatlarının aylıq miqdarı tələbinə mütləq əməl olunmalıdır ki, işçinin maaşı onun layiqli yaşayışını təmin edəcək səviyyədən aşağı düşməsin.

ABŞ-da da əmək haqqı əsasən saathesabı müəyyənləşdirilir və onunla bağlı minimum hədlər mövcuddur.

Maraqlıdır ki, Azərbaycanda əmək haqqının saathesabı hesablanması – vaxtamuzd iş ayrı-ayrı sahələrdə çoxdan tətbiq olunur. Buna neft-qaz, energetika sektorunda – növbəli iş rejimi olan yerlərdə daha çox rast gəlinir. Bir sıra neft şirkətlərində növbəli rejimdə işçilər 12 saatlıq iş günü əsasında işləyirlər, onların əmək haqqı isə saatla hesablanır. Minimum aylıq saat 168 saat müəyyən olunub.

Hökumət rəsmiləri bildirir ki, bəzi ölkələrdə əmək haqqının hesablanmasında hibrid modellərdən (həm saatlıq, həm minimum əmək haqqı) istifadə edirlər. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni araşdırmaqla, təhlillərin nəticələri nəzərə alınmaqla təkliflər hazırlanacağını bəyan edir. Nazirlik əmin edir ki, saatlıq minimum əmək haqqının müəyyən edilməsi bir sıra məqsədlərə xidmət edir və əsas məqsəd işçilərin hüquqlarının qorunmasıdır.

Yeni əmək haqqı hesablanması mexanizminə keçid, rəsmilərin dediyi kimi, işçi hüquqlarının daha yaxşı qorunmasına gətirib çıxaracaq, yoxsa vəziyyət indikindən daha pis olacaq? Yeni mexanizm kimə sərf edəcək: işçiyə, yoxsa işəgötürənə?

Ekspertlərin bu sahədə fərqli fikirləri var. İqtisadçı-ekspert Elbrus Cəfərli bildirir ki, Azərbaycanda minimum əmək haqqı şərti xarakter daşıyır: “Əmək qanunvericiliyinə əsasən, rəsmi əmək müqaviləsi əsasında çalışanlar üçün iş saatları 09.00-18.00 vaxt qrafiki üzrə, yəni 8 saatlıq iş rejiminə əsasən tənzimlənir. Ona görə də rəsmi iş saatları əsasında çalışan və əmək haqqı mimimum əmək haqqı üzrə hesablanan işçilər üçün bunun heç bir fərqi olmayacaq. Bu, özəl sektorda çalışan işçilər üçün fərq yarada bilər. Belə ki, bir çox özəl sahələrdə mülki müqavilə əsasında işləyən işçilər aylıq deyil, saat üzrə çalışırlar. Bu halda onların əməyinin dəyərində yox, sosial və əmək hüquqlarının qorunmasında təminatlar yaranmış olar”.

İqtisadçı-alim Əli Məsimlinin sözlərinə görə, saatlıq minimum əmək haqqı dünyanın bir sıra ölkələrində tətbiq olunur: “Bu, əməkhaqlarının miqyasını daha aydın formada müqayisə etməyə imkan açır. Hüquqi baxımdan da mükəmməl yanaşmadır. Azərbaycanda tədricən saatlıq minimum əmək haqqına keçid vacibdir. Hazırda ölkəmizdə minimum əmək haqqı faktorundan istifadə edilir. Minimum əmək haqqı ölkədə 345 manat səviyyəsindədir. Orta aylıq əmək haqqı isə 1000 manatdan artıqdır. Ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə yaxın olmalıdır”.

Ə.Məsimlinin fikrincə, indiki halda minimum əmək haqqını 33-35 faizlik həddindən birdən-birə 60 faizə çatdırmaq çox çətindir: “Mərhələlərlə bunu etmək mümkündür. Paralel olaraq boşluqlar olmaması üçün saatlıq minimum əmək haqqı məsələsi ilə bağlı qaydalar hazırlanmalıdır. Çünki minimum əmək haqqının artırılması yuvarlaq götürsək 700 min adamın maaşına təsir göstərəcək”(Telegraf).

İqtisadçı Xalid Kərimli bildirir ki, həftədə 40 saat işləyən və daimi iş yeri olan işçilər üçün heç bir dəyişiklik olmayacaq. Əvvəl bu rəqəm 345 manat müəyyənləşdirilmişdirsə, indi isə həmin məbləğ ayda olan iş saatlarına uyğun olaraq saatlı əmək haqqına keçəcək. Bu sistem daha çevik bir mexanizmdir.

Aydın məsələdir ki, əmək haqqının hesablanması metodunun, mexanizminin dəyişməsi yalnız rəsmi əmək müqaviləsi ilə işləyənlərə təsir edə bilər. Rəsmi məlumata əsasən Azərbaycanda 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 760,8 min nəfər təşkil edib. Onlardan 887,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olur.

Ölkə üzrə əmək qabiliyyətli əhalinin sayı 5 milyon hesablanır. Və bunların üçdə birindən azca çoxu rəsmi əmək müqaviləsi ilə çalışır. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, yüksək inkişaf etmiş həmkarlar təşkilatları işçi hüquqlarının qorunmasında çox mühüm rol oynayırlar. Azərbaycanda bu sahədə vəziyyət, yumşaq desək, acınacaqlıdır. Həmkarlar ittifaqları faktiki olaraq formal xarakter daşıyır, işçi hüquqlarının müdafiəsində bu təşkilatlar demək olar ki, heç bir rol oynamır, hər il sahibkarlar konfedera siyaları, hökumətlə baş saziş imzalanması da işçilər üçün hər hansı əhəmiyyət daşımır. Bu şəraitdə hətta əmək haqqının saathesabı ilə hesablanması mexanizminə keçid zamanı işçilərin hüquqları pozulsa belə, onların müdafiəsi üçün real qüvvəsi olan həmkarlar mövcud deyil. Bütün bunlar o deməkdir ki, yeni mexanizmi hazırlayan strukturlar üzərində ictimai təzyiq yoxdur. Bu baxımdan, əsas ümid onadır ki, mexanizm Dünya Bankı ilə əməkdaşlıq şəraitində hazırlanır. Eyni zamanda mexanizmin necəliyini Dünya Bankı qiymətləndirəcək və bu qiymətləndirmənin nəticələri Azərbaycanın “Business Ready” hesabatındakı yerinə təsir göstərəcək. Bu isə o deməkdir ki, yeni mexanizm işçi hüquqlarının qorunması baxımından mövcud vəziyyətin pisləşməsinə gətirib çıxarmayacaq…/“Yeni Müsavat”