Bu həftə Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması miqrantlar üçün əlavə dövlət rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihələrinin müzakirəsinə başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında məlumat verib.
Əgər qanun layihələri qəbul olunarsa, Rusiyada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi, eləcə də əmək icazəsinin müddətinin uzadılması zamanı 4 200 rubl məbləğində əlavə rüsum tətbiq ediləcək. Bundan başqa, patentin və ya əmək icazəsinin dublikatının verilməsi və sənədlərə dəyişikliklərin edilməsi üçün 2 100 rubl məbləğində rüsum nəzərdə tutulur.
“Bundan əlavə, miqrantlar üçün digər dövlət rüsumlarının ya müəyyən edilməsi, ya da artırılması təklif olunur”, – deyə Volodin qeyd edib.
Xüsusilə, ölkə ərazisində müvəqqəti yaşadığı yer üzrə qeydiyyat və daimi yaşayış ünvanı üzrə qeydiyyat üçün də rüsumların tətbiqi nəzərdə tutulur.
“Bu, yalnız büdcəyə daxilolmaları artırmaqla kifayətlənməyəcək, həm də miqrantlara nəzarətin gücləndirilməsinə, onların faktiki yaşadıqları yerlərin müəyyən olunmasına imkan verəcək. Nəticədə qeyri-qanuni miqrasiyanın azalmasına da töhfə veriləcək”, – deyə Volodin vurğulayıb.