MN-dəki son kadr dəyişiklikləri: Səbəbi açıqlandıbackend

MN-dəki son kadr dəyişiklikləri: Səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“General-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilməsi Azərbaycan Ordusunun Türkiyə modelinə inteqrasiyasını daha da sürətləndirəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, 25 il xidmətdən sonra ehtiyata buraxılmağa və ya hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda istefaya buraxılma mümkün olur.

“İstefaya göndərilən şəxslər uzun müddət ordu sıralarında xidmət ediblər. Hətta bəzilərinin xidməti 30 ildən çoxdur. Ona görə də hazırda baş verən dəyişikliklər gələcəkdə də olacaq. Sadəcə olaraq növbədənkənar prezident seçkiləri öncəsi bir neçə generalın eyni zamanda təxris olunması fərqli fikirlərin yaranmasına səbəb olub. Ümumilikdə, baş verən prosesdə qeyri-adi heç nə yoxdur. Bu cür dəyişikliklər hər zaman olub” – ekspert vurğulayıb.

Yeni təyinatların Müdafiə Nazirliyinin gələcək fəaliyyətinə mümkün təsirlərinə də toxunan Ə.Verdiyev hesab edir ki, bu dəyişikliklər ordumuzun inkişafına və müdafiə imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək:

“Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilməsi Azərbaycanın türk ordu modelinə inteqrasiyasına təsirsiz ötüşməyəcək. Çünki Quru Qoşunları ən geniş tərkibə malik olan və ərazidə ən genişmiqyaslı vəzifələri yerinə yetirən qüvvələrdir. Quru Qoşunlarının komandanının ali hərbi təhsilini Rusiyada, akademik hərbi təhsilini isə Türkiyədə alması türk ordu modelinə inteqrasiya istiqamətində ciddi addım kimi dəyərləndirilə bilər. Nəzərə almaq lazımdır ki, rəhbərlər arasında həm SSRİ, həm də NATO təhsili olan yeganə şəxs Hikmət Mirzəyevdir. Bu baxımdan yeni təyinat çox uğurludur”.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Belə ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb. Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib. Generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib. Bundan başqa, general-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub. Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.