Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən hər iki şəxsin 1 il sınaq müddəti olmaqla, 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Elmar Məmmədov və Rəhim Laçınov 1 il sınaq müddəti olmaqla 3 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.