Mobil tətbiqlər məlumatlarımızı kimə ötürür: Milli maraqları necə qorumalı – TƏKLİFbackend

Mobil tətbiqlər məlumatlarımızı kimə ötürür: Milli maraqları necə qorumalıTƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnologiyaların inkişafı insan həyatını, əlaqələnməni, işlərimizi sürətləndirmək, asanlaşdırmaqla yanaşı, həm də ciddi problemlər yaradır. Bu problemlər fərdlər üzərindən başlasa da, sonda bütövlükdə cəmiyyətlərin və dövlətlərin milli maraqlarına ziyan vura biləcək qədər qlobal problemlə çevrilir.

Bu sırada hazırda ən ciddi təhlükə mənbəyi sosial şəbəkələr və mobil əlavələr, tətbiqlərlə bağlı ciddi müzakirələr gedir. Dünyanın bir parçası olan Azərbaycanda da bu məsələ təbii olaraq aktualdır və həm sosial şəbəkələrin özündə, həm də mediada dartışılır.

Hər şey ondan başladı ki, Vatsap (WhatsApp) rəsmi açıqlama yayaraq, bildirişlər və razılaşma sorğusu göndərərən bildirdi ki, şəxsi – data-məlumatlar – məsələn, fərdi yazışmalar, məkan bildirişi, maraq çərçivələri, tranzaksiya və digər bu kimi bilgilər istifadə üçün facebooka göndərilir.

İlk sual odur ki, facebook, digər tətbiqlər, sosial media, yaxud da açıq desək, hansısa dairələr bu məlumatları neynir? Kimin nəyinə lazımdır, məsələn, Bakıda Əhmədlə Tükəzbanın, Hindistanda Cimi ilə Ritanın yazışması?

Özlüyündə, ilk baxışdan sual haqlı görünür, bəlkə də iki şəxsin məlumatı – hansı brendi, hansı malı, hansı şirkəti xoşlaması, nəyi istifadə etməsi, nədən qaçması sosial media, mobil tətbiqlər və maraq dairələri olan digər mobil əlavələr üçün heç bir önəm daşımır.

Amma məsələ ondadır ki, milyonlarla adamların maraq dairələri bir məlumat bazası kimi istifadə olunanda, hansısa maraqlı dairələr, güclər, agentliklər, psixoloji təsir, basqı mənbələri bunlardan ümumi toplumun zəif və ya güclü nöqtələrini müəyyən edə bilir. Beləliklə, ixtiyari bir dövlətin milli maraqları baxımından təhdidlərə yol açılır…

Habelə, bütövlükdə milyonların məlumatlarını, İP ünvanlarını, mal, məhsul, turizm maraqlarını ilə yanaşı, toplumların dini, siyasi baxışları, gələcəklə bağlı ümumi düşüncələr, arzular, istəklərini toplayaraq analiz etmək, istifadə etmək hansısa bəlli, missioner, hansısa ölkələrə icazəli-icazəsiz soxulmaq istəyən siyasi-iqtisadi qütblərə, siyasiləmiş qurumlara, missioner donorlara rahat hərəkət edə bilmək, zəif yerlərdən vurmaq üçün sözün əsl mənasında bir bazaya, imkanlara çevrilir…

Çox incə bir məqama nəzər salaq: Biz şahidi olduq ki, Vapsap yazışmaları ötürəcəyini elan edəndə nə qədər sadə vətəndaş bundan narahatlıq keçirdi və bir çoxlarımız Votsapda yazışmaları dayandıraraq, Teleqrama, digər meseencerlərə üz tutduq. Əgər fərdlər hansısa bir şəkildə narahatdırsa və imtina edirsə, təbii olaraq cəmiyyətlərin maraq dairələrinin öyrənilib, bir datada toplanması və istifadəsi də milli maraqlar baxımından dövlətləri də təbii olaraq düşündürür və alternativ addımlar atmağa sövq edir.

Söhbət ondan gedir ki, hazırda bir çox dövlətlər milli maraqlarının qorunması, cəmiyyətlərinin yanaşmalarını, düüncələrini öyrənib onlarla manipulyasiya etməyin qarşısını almaq üçün çıxış yolları axtarır və bu özünə hörmət edən dövlətlər üçün ciddi məsələdir.

Təklif olunan variantlardan biri də odur ki, dövlət özü daxili messencerlərini yaratsın, əhalinin yazışmalar üçün monopolist qlobal mobil tətbiqlərin ümidinə qalmasının qarşısını alsın. Hətta məlumatları ötürən tətbiqlərin daxili messencerlərdən sona istifadəsinin məhdudlaşdırılmasını təklif, müzakirə edən ölkələr də az deyil…

Burada həm də ona diqqət çəkilir ki, sosial şəbəkələrdə, mobil tətbiqlərdə qlobal bir səviyyədə bir günün içərisində yüz milyonlarla adamı çaşdıran informasiyalar yaymaq, əxlaqa ziddi materialları sürətlə tirajlamaq, saxta informasiyalar yaymaq kifayət qədər asandır. Nəticə Bu nə dərəcədə baş tutacaq, onu söyləmək çətin məsələdir. Amma ona nail olmaq mümkündür ki, “evin sirri evdə qalmalıdır” prinsipi həm də dövlətlər üçün prioritetdir…

Vapsap-ın bəlli qaydalarından sonra Rusiyada, Hindistanda, bir sıra islam ölkələrində bu tətbiqdən imtinalar çox da ciddi reaksiyalar doğurmurdu bizim ölkəmizdə. Amma xüsusi olaraq bir məqam insanlarımızın diqqətini çəkdi ki, Türkiyə prezidentinin mətbuat xidməti və Müdafiə Nazirliyi, 44 günlük müharibə dönəmində hamımızın sevimlisinə çevrilən Selcuq Bayraktar da WhatsApp-dan imtina etdi. Azərbaycanla qardaş ölkədə baş verən bu hadisədən sonra insanlar daha ciddi düşünməyə başladılar ki, səbəb bu qədərmi ciddidir?

Digər bir müzakirə predmeti və insanları düşündürən də o amildir ki, WhatsApp-ın yeni siyasəti Avropa ölkələrinin insanlarına aid deyil. Belə bir qənaət hasil olur ki, mobil tətbiqlər üzərindən məlumatlar yığmaq missionerlərin, xarici kəşfiyyatların “at oynatmaq” istədiyi dövlətlər üçünə hədəflənir… Bu da haqlı olaraq suallar və alternativ variantlar üzərində düşünməyə əsaslar yaradır.
Məsələ ondadır ki, söhbət burada yekun, nəticə olaraq milli maraqlardan, onun qorunmasından gedir və hamıya bəllidir ki, Türkiyə milli və dövlət nmaraqları məsələsində olduqca sərt davranışlıdır.

Və təbii ki, bu msəələlərdə Azərbaycanda da hər hansı bir alternativ variantların müzakirəsi də artıq başlamış sayılır. Məsələ ondadır ki, bunu dövlətdən öncə vətəndaşlar özləri təklif olaraq səsləndirir. Sosial şəbəkələrdə gedən müzakirələr bunu söyləməyə müəyyən qədər əsas verir.
Ancaq bir məqma da diqqət etməliyik ki, yalnızca Vatsapın üzərində dayanmaq doğru deyil. Çünki problem təkcə bağlı deyil, ümumilikdə narahatlıq bütün mobil tətbiqlərin vətəndaşların məlumatlarını toplaması ilə bağlıdır.

Osman Gündüz: “Dünyada rəqabətli innovasiyaların qarşısını alırlar”

Osman Gündüz Musavat.com-a verdiyi açıqlamasında qeyd edib ki, bizim datalardan da uzun müddətdir ki, feysbuk da, digərləri də istifadə edir: “İndi vatsap da feysbuka məxsus olduğundan, bu datalardan indi də vatsapda reklam məqsədilə istifadə olunacaq. Yəni pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır. Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur.

Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumlarının xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər.

Fikrimcə, vətəndaşlarımızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf, biznes, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.

Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlı olması ilə bağlı risklər var”.
O.Gündüz onu da qeyd edib ki, hazırda ABŞ Konqresində “Facebook”, “Google”, “Apple” ilə bağlı hesabat hazırlanıb: “Ola bilər, yaxın müddətdə bu resurslar məcburən parçalansın və Vatsapın sahibi başqası olsun və ayrı qaydalar tətbiq edilsin.

Çünki D.Trampın başına açılan oyun sabah C.Baydenin də başına gələ bilər. Ola bilsin “Google” bir neçə yerə bölünsün. ABŞ Konqresinin hesabatından çıxan nəticə ondan ibarətdir ki, bu qurumlar hədsiz dərəcədə nəhəng bir “monstra” çevriliblər. Dünyada rəqabətli innovasiyaların qarşısını alırlar. Akula kimi qarşılarına kim çıxsa udurlar. Belə cümlələr Konqresin hesabatında var. Yəqin yaxın zamanlarda görəcəyik ki, vatsapın sahibi başqa adamdır. Çünki bunları idarə etmək artıq çətinləşib.

Ümumiyyətlə, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, “Telegram” da rus vətəndaşına məxsusdur. Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatlarımızın qorunması Avropanın yeni (fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi) GDPR standartlarına uyğunlaşdırılmayıb.

Yəni görəsən, bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin tarixi, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-da olan məlumatlar nə dərəcədə qorunur?
Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb. Yəni tutaq ki Rusiyada, kiminsə mobil nömrəsini “Beeline” operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə “billing”ini isə 3500-4500 rubla almaq olar.

Kiminsə ev ünvanını da bəlli bir məbləğə “Pasport stol”dan əldə etmək olur. Kiminsə daxili və ya xarici resursu bizim fərdi məlumatları 3-cü tərəfə ötürə bilər.
Fikrimcə, ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırılması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməliyik, bunda fayda var”.

İlham Məmmədzadə: “BİP”dən nümunə götürərək daxili auditoriya üçün yeni və özəl bir şəbəkənin yaradılması optimal yoldur”

Media və Korporativ Kommunikasiya üzrə mütəxəssis, APRA sədri İlham Məmmədzadə isə deyir ki, yaşadığımız dünyada cəmiyyəti, müxtəlif auditoriyalardan ibarət ictimaiyyəti idarə etmək və daim koordinasiyada saxlamaq üçün müxtəlif kommunikasiya alətləri mövcuddur: “Bu kommunikasiya alətləri ölkələr və cəmiyyətlər üzrə isə müxtəlif olur. İctimaiyyətlə əlaqələrdə daim əl altında olan və mümkün qədər operativ istifadə edilə bilən kommunikasiya alətləri olmalıdır. Bu kommunikasiya alətləri şaquli və üfiqi kommunikasiyanın idarə edilməsində mühüm rol oynayır.

İnsanların üstünlük verdikləri kommunikasiya alətləri daha çevik, əlçatan və konfidensiallığı qoruyan kommunikasiya alətləridir. Bu gün ən geniş istifadə olunan kommumikasiya alətləri zamanın müasir texnoloji inkişafına cavab verməsə, bir müddətdən sonra onun yerini digər bir yeni kommunikasiya aləti tutacaq.

İctimaiyyət arasında bu kommunikasiya alətləri o zaman özünün populyarlığını itirməyə başlayır ki, həmin alət sosial alətdən daha çox biznes platformasına çevirilir.

Eyni zamanda şəxsi DATA Bazanın 3-cü tərəfə ötürülmə ehtimalı bu kommumikasiya alətini maraqsız və etibarsız edir. Bu gün Whatsapp kommunikasiya aləti ətrafında aparılan söhbətlər bu sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq və etibarsızlıq yaratmışdır.

Türkiyənin daxili kommunikasiya aləti olan “BİP”dən nümunə götürərək daxili auditoriya üçün yeni və özəl bir şəbəkənin yaradılması ən optimal yoldur. Bu zaman daxili auditoriyanı xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlamaqla yanaşı, eyni zamanda data bazanın kənara çıxmasının qarşısını da almış olarıq. Bu məsələ ətrafında daha geniş danışmaq olardı”

Musavat.com