Moldova hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dayandırılmış proqramlarının saxlanılması barədə ABŞ ilə danışıqlar aparır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz ABŞ ilə USAID layihələrini saxlaya bilib-bilməyəcəyimizlə bağlı müzakirələri davam etdirəcəyik, əgər bu mümkün olmasa, təbii ki, digər tərəfdaşlarla onları necə davam etdirə biləcəyimizi müzakirə edəcəyik. Energetka sahəsində proqram bizim üçün son dərəcə vacib idi”, – Sandu bildirib.
O, həmçinin ABŞ və Aİ tərəfindən Moldovanın müdafiə xərclərinin maliyyələşdirilməsinin vacibliyini qeyd edib.
“Müdafiə xərcləri büdcədə nəzərdə tutulub və təsdiqlənib. Təhlükəsizliyimizin gücləndirilməsində bizi dəstəklədiyinə görə Aİ-yə minnətdarıq”, – o əlavə edib.
Ötən ilin oktyabrında prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendumdan əvvəl Moldovaya səfər edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Sandu ilə birgə keçirilən mətbuat konfransında Kişineuya Avropaya inteqrasiya yolunu davam etdirəcəyi təqdirdə 1,8 milyard avro investisiya vəd edib.