Dövlət Əmək Müfəttişliyinin Şəki-Zaqatala Regional İdarəsi “MPAY” Qapalı Səhmdar Cəmiyyətini (QSC) və onun rəhbəri Mətləb Vəliyevi inzibati məsuliyyətə cəlb edib.
NOCOMMENT.az xəbər verir ki, şirkət və sahibkar İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələnib.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Şirkət və rəhbəri qərardan məhkəməyə şikayət verib. Şikayətə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Fevralın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Mətləb Vəliyev “Meqa Sığorta” şirkətinin Direktorlar Şurasının üzvü olub. 2019-cu ilin fevralında üzvlüyü tərk edərək “MPAY” QSC-ni təsis edib.\\Valyuta.az