“ABŞ-nin Ermənistana daha öncədən də siyasi, iqtisadi və digər istiqamətlərdə marağı olduğu məlumdur”.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Mübariz Göyüşlü deyib.
“Amerika ora hərbçilərini yerləşdirməklə Rusiyanın oradakı hərbi istiqamətdə varlığını bir növ məhdudlaşdırmaq istəyir. Amerika bu silahlarla Ermənistanın xüsusi hərbi potensial və imkanlarını artırmağı planlayır. Ermənistan Amerikadan başqa Hindistan, Fransa, Yunanıstan kimi ölkələrdən də silah alır. Amerika bu silahlarla Ermənistanı daha da gücləndirməyi planlayır, amma, çətin ki, Ermənistan belə bir güc əldə etsin”.
Bəzən, hətta, təxribat pozuculuq fəaliyyəti də gerçəkləşdirilir. Keçən il Amerika-Ermənistan hərbi təlimlərini müşahidə etdik. Bu təlimlər digər ölkələrlə yanaşı, Cənubi Qafqaza qonşu ölkələrin də narazılığına səbəb oldu. Amerika Ermənistanda hərbi varlığını gücləndirmək və artırmaq istəyir. Zəngəzur məsələsi də dəhliz baxımından Amerikanın marağındadır. Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin Cənubi Qafqaz, Azərbaycan, Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvandan, Türkiyədən Avropaya daşınması marağındadır.
Politoloq qeyd edib ki, biz müharibə istəmirik, amma, istənilən an müharibə başlaya bilər. Çünki, Ermənistan bu məsələyə həvəsli və maraqlı görünür. O baxımdan da, bizim hərbi hazırlığımız hər zaman olduğu kimi yüksək səviyyədədir. ABŞ silahları idarə etmək üçün şəxslər gətirməklə, öz hərbi varlığını burada gücləndirmək istəyir. Rusiyanın burada mövcudluğu Amerikanın bəzi addımları atmasına maneəçilik yaradır.Amerikanın bura silah və onları idarə edəcək şəxsləri gətirməklə gələcəkdə burada daha da güclənmək məqsədi ola bilər.
Azərbaycan hərbçiləri bundan əvvəl də, Rusiyanın verdiyi tank, top, raketlə ermənilər tərəfindən Şəhid edilmişdir.
Ermənistan zamanla sərhəddə Azərbaycan ordusuna qarşı təxribatlar törədir. Hər zaman da bu təxribatlara Azərbaycan çox sərt şəkildə cavabını verir.
Ermənistan bu təxribatlarla bölgədə gərginliyin olması görüntüsünü yaradıb, qərb ölkələrinin hərbçilərini, hərbi texnikasını və silahlarını bölgəyə cəlb etmək istəyir. Bu təxribatların arxasında Ermənistanın ziyanlı məqsədləri və hədəfləri dayanır.
Siyasi şərhçi onu da qeyd edib ki, qərb blokunu xüsusən də Amerikanı Ermənistanın İranla sərhəddi, o sərhəddə yer tutması və İranın mümkün hərəkətlərini oradan izləmək imkanı əldə etmək, həm də bir növ İranın blokadasını genişləndirmək məqsədi güdə bilər. İran məsələsi qərb üçün xüsusən də Amerika üçün maraqlı və önəmli məsələdir. Ermənistan isə bu prosesdə həvəslə iştirak edir. Baxmayaraq ki, Ermənistanın İranla da münasibətlərinin normal olduğu görüntüsü var, amma, İran da bu məsələlərdən narahatdır və narazıdır. Ermənistanın bu davranışı İranda da qıcıq yaradır. İran bu məsələlərə sərt şəkildə reaksiya verməlidir və Ermənistanın bu fəaliyyətlərinin qarşısı alınmalıdır.
Aişə Əbdülova