Mübariz Qurbanlını əvəz edəcək Səyyad Salahlı kimdir? – DOSYEbackend

Mübariz Qurbanlını əvəz edəcək Səyyad Salahlı kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında Sərəncam imzalayıb.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlı müvəqqədi sədr vəzifəsini icra edəcək.

Onun dosyesini təqdim edirik:

Səyyad Salahov 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində dünyaya gəlib. 1958-1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə təhsil alıb.
1972-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. İkinci ali təhsilini Bakı Dövlət Universitetinin hüquq fakültəsində alıb.
2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda “1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)” mövzusunda “Azərbaycan ədəbiyyatı” ixtisasından dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olub.

1972–1973-cü illərdə təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib.

1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olub. Ehtiyatda olan kapitandır.

1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra ilk partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

1990-cı ildə İmişli Rayon Xalq Təhsil şöbəsinin müdiri təyin olunub, lakin həmin vəzifədən heç 1 il tamam olmamış azad edilib.
1991-ci ildə Bakıya gələrək əvvəlcə “Elm” qəzetində şöbə müdiri, 1992–1995-ci illərdə isə “Səs” qəzetinin baş redaktorunun birinci müavini olub.

2001-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləyib.
2011–2012-ci illərdə Milli Məclisinin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işləyib.

1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı seçilib.
S.Salahlıya 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib.
2006-2010-cu illərdə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu kimi fəaliyyət göstərib. Həmin illərdə eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Diplomatik fəaliyyəti dövründə 2009-cu ildə Türkiyədə nəşr olunan “First Business” jurnalının “Zirvədəkilər-2008” ödülünün “İlin diplomatı” nominasiyası üzrə mükafatı verilib.

2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 16 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Səyyad Aran bu qurumda sədrin ilk birinci müavini olub.
2016-cı ildə Həcc ziyarətində olub.

1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Zaqafqaziya Müsəlmanları İdarəsindəki “Füzuli” irfan məclisinin, 2003-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının üzvüdür. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində təmsil olunur.

Ədəbi-ictimai fəaliyyəti “Tərəqqi” medalı, “Qızıl qələm” mükafatı, “İnam” şərəf diplomu ilə dəyərləndirilib.
S.Aran çox sayda povest və hekayələr kitabının, siyasi-publisistik məqalələrin və romanların müəllifidir.
Evlidir, 3 övladı var.

O, Azərbaycanda və Türkiyədə çox sayda orden, medal və digər mükafatlara layiq görülüb.

Qeyd edək ki, 2014-cü ildən bugünədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı olub.