Müdaxilə, yoxsa xaos? – İranla bağlı SENSASİYAbackend

Müdaxilə, yoxsa xaos? – İranla bağlı SENSASİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici müdaxilələr pisdir, yaxşı olar ki, ölkələr və toplumlar öz problemlərini özləri həll etsinlər. Bu, ən ideal və arzuolunan variantdır”.

Bu barədə NOCOMMENT.az-a politoloq Şahin Cəfərli deyib.

“Bəzən buna ölkələrin və toplumların gücü çatmır. Məsələn, yaxın keçmişdə NATO Bosniyada soyqırım törədən Miloşeviç rejiminə müdaxilə etməsə, nələr baş verərdi, düşünmək lazımdır. Bu gün yəqin ki, Balkanlar serb şovinist-millətçilərinin (dolayısı ilə Rusiyanın) nəzarətində olacaq və qanlı etnik konfliktlər davam edəcəkdi. NATO o vaxt “biz mütləq gedib Bosniya müsəlmanlarını xilas etməliyik” düşüncəsi ilə Yuqoslaviyanı bombalamadı, geosiyasi maraqlarla hərəkətə keçdi. Amma son nəticədə müsəlmanlar da, xorvatlar da, hətta serblər də xilas oldu və indi dinc şəraitdə yaşayırlar. Avropanın ortasında gözəl bir yarımmüsəlman Bosniya dövləti var.

Yaxud İkinci Dünya Müharibəsində ABŞ faşizmə qarşı müharibədə SSRİ-yə yardım etməsə və daha sonra ordu göndərməsə, nələr olardı? Yəqin o vaxt da “ABŞ guya Avropada demokratiyanı xilas etməyə gedib?” deyənlər olub. Yəni məqsəd, niyyət vacib olsa da, ondan daha önəmli olan məsələ ortaya çıxan uzunmüddətli nəticələrdir. ABŞ Avropanın qərbini nəzarətə götürməsə, Stalin oranı da işğal edəcəkdi. Ya da, ABŞ Yaponiyanı işğal etməsə, bunu SSRİ edə bilərdi. (Nüvə silahının tətbiqi şübhəsiz ki, insanlığa qarşı cinayətdir, amma müharibəyə yaponlar başlamışdı və indi də bu məsələdə öz günahlarını qəbul edirlər). Nəticə odur ki, bugünkü Qərbi Avropa və Yaponiya dünyanın istər iqtisadi, istər demokratik baxımdan ən inkişaf etmiş regionlarıdır.

Şahin Cəfərli

Eləcə də, ABŞ Koreya müharibəsinə girməsə, bugünkü Cənubi Koreya nümunəsi olmayacaqdı. ABŞ Koreya yarımadasına “onları xilas edim, gələcəkdə “Samsung”, “Hyundai”, KİA yaratsınlar və inkişaf etmiş dövlətə çevrilsinlər” niyyəti ilə getməmişdi, Asiya-Sakit okean regionundakı maraqlarını təmin etmək üçün müdaxilə etmişdi, amma cənub hissəni şimaldakı kommunistlərdən xilas edə bilməsinin nəticəsi ortadadır”.

“Mənim məqsədim ABŞ gözəlləməsi deyil. İsrailə isə ümumiyyətlə, hər hansı simpatiyam yoxdur, sadəcə olaraq, yəhudi xalqının da bir dövlətə sahib olma haqqını qəbul edirəm. Sözsüz ki, fələstinlilərin də… Biz çalışmalıyıq ki, kimsə burada gerçəkləri dilə gətirməyin mümkün olmadığı, yaxud riskli olduğu bir mühit yarada bilməsin. Elə bir mühit olmasın ki, Türkiyədə olduğu kimi, hətta ən adi tarixi faktları söyləməkdən, yazmaqdan da çəkinək ki, birdən bizə “pərəst” damğası vurarlar, – deyə politoloq yekunlaşdırıb.

Sara
NOCOMMENT.az