“Müəllim keyfiyyətli dərs keçə bilirsə, şagird sayı önəmli deyil” – Rəylərbackend

“Müəllim keyfiyyətli dərs keçə bilirsə, şagird sayı önəmli deyil” – Rəylər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər elm və təhsil naziri Emin Əmrullayevin yerli televiziyaya müsahibəsində sinifdə 40 şagirdin olmasının keyfiyyətə təsir edib-etməməsi ilə bağlı səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub.

Təhsil işçiləri və ekspertlər məsələ ilə bağlı fikirlərini bildiriblər.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki,təhsil eksperti Nadir İsrafilov bildirib ki, bizdə 40 şagirdi olan siniflər də var, 1 şagirdi və 1 müəllimi olan məktəb də.

“40-45 şagirdi öyrədə biləcək peşəkar müəllimlərimiz də var, 15-20 şagirdin öhdəsindən gələ bilməyən səriştəsiz müəllimlərimiz də. Cənab nazirin fikirlərini ümumi kontekstdə nəzərdən keçirdikdə açıq-aydın görünür ki, onun əsas mesajının mahiyyəti müəllim hazırlığıdır. O da istisna olunmur ki, nazir belə bir açıqlama verərkən PİSA üzrə ən yaxşı nəticə göstərən dövlətlərdən olan Çin, Sinqapur, Koreyada siniflərdə şagird sayının 36-45 arası olduğunu da nəzərə alıb. Əlavə olaraq deyim ki, elə fənlər var ki, sinifdə 40 şagirdin hər birinə tədris etmək olar, elə fənlər də var ki, sinifdə şagird sayının 20-dən çox olması tədrisin keyfiyyətinə təsirsiz ötüşmür”, – ekspert deyib.

Bakı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, nazir “Sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur” fikri ilə müəllimlərin bilik və bacarıqlarının yüksək səviyyədə olması məsələsinə toxunub:

“Yəni müəllim keyfiyyətli dərs keçə bilirsə, demək ki, qarşısındakı şagird sayı önəmli deyil. Əslində məktəblərdə bu say məsələsi ilə bağlı bildirilən fikir birbaşa müəllimlərin hazırlığına yönəlmiş fikirdir. Əsl müəllim üçün şagird sayı deyil, keyfiyyətli tədris önəmli olmalıdır”.

“Təhsilli Gələcək” təhsilin inkişafı İB-nin sədri, Əməkdar müəllim Sona Əliyeva bildirib ki, bir müəllimin 40 şagirdlə məşğul olması mümkündür:

“Bu prosesin effektivliyi, tədrisin keyfiyyəti bilavasitə müəllimdən və əlavə olaraq bir neçə faktordan asılıdır. Yaxşı biliyə, yüksək təşkilatçılıq və idarəetmə bacarığına malik səriştəli və təcrübəli müəllim çoxsaylı şagird olan sinifdə də yaxşı tədris apara bilir. Müəllimin dərsə hazırlığı, şagirdə ötürülən informasiyanın təhlili və sistemləşdirilməsi, təlim metodologiyasının və qiymətləndirmə prosesinin düzgün qurulması, həmçinin, müəllimin yüksək texnoloji bacarıqlara malik olması, şagirdlərini yaxşı tanıması və fərdi xüsusiyyətlərini bilməsi, bununla da təlim mühitinə tam hakim olması böyük qruplarda da tədrisin yüksək keyfiyyətlə davam etməsini təmin edir. Təbii ki, əlavə olaraq, məktəbin maddi-texniki bazasının yaxşı olması, şagirdlərin tərbiyəvi davranışları və öyrənmə istəyi, müəllim-valideyn münasibətlərinin düzgün qurulması da bu prosesə öz müsbət təsirini göstərir. Qısası, yaxşı müəllimlə istənilən situasiyada effektiv öyrənmə mümkündür”.

Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi, təlimçi Elnur Hacıyev isə mövzu ilə bağlı deyib ki, peşəkarlığı yüksək səviyyədə olan müəllim nəinki 40 uşaqla, zərurət yarananda 100 şagirdlə də uğurlu təlim nəticələrinə çata bilir:

“Önəmli olan odur ki, müəllimin səriştəliyi və bacarığı yüksək olsun. Şagird sayının 40-dan çox olması təcrübəsinə biz dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələrində də rast gəlirik. 100-dən çox iştirakçı sayı olan auditoriyada belə fəal təlim mühitinin təşkili və yekunda uğurlu nəticənin əldə edilməsi də mümkündür”.

Bakı şəhəri 252 nömrəli məktəb-liseyin müəllimi Nərgiz Qafarovanın sözlərinə görə, nazir öz fikirlərində əslində pedaqoji mühitin düzgün qurulmasının vacibliyini vurğulayıb:

“Düşünürəm ki, peşəkarlıq səviyyəsi yüksək olan müəllim 40-45 şagirdlə də tədris prosesini düzgün qura bilər. Burada müəllimin metodikasından çox şey asılıdır. Fikrimcə, müasir təlim metodları, qruplarla iş, digər alətlər şagird sayı çox olan siniflərdə tədrisin keyfiyyətli qurulmasına zəmin yaradır”, – deyə bildirib.