Azərbaycan qanunvericiliyinə əsasən, müəllimlərin də daxil olduğu bütün əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir və əmək müqaviləsinə yalnız qanunda nəzərdə tutulan hallarda xitam verilə bilər. Bu mövzu son vaxtlar ictimai müzakirələrin mərkəzində yer alır.
Belə ki, müəllimlərlə bağlanan əmək müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər:
müəllimin öz təşəbbüsü ilə işdən çıxmaq istəməsi;
əmək müqaviləsinin müddətinin başa çatması;
tərəflərin qarşılıqlı razılığı;
müəssisənin ləğvi və ya ştat ixtisarı;
tərəflərin iradəsindən asılı olmayan hallar.
Bu hallar istisna olmaqla, müəllimin işdən çıxarılması qanunsuz hesab olunur.
Bəs işəgötürənin təşəbbüsü ilə işdən azad etmə hansı hallarda mümkündür?

Təhsil eksperti Fuad Hacıyev mövzu ilə bağlı NOCOMMENT.az-a bildirib ki, müəllimlərin əmək münasibətləri cəmiyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır və bu sahədə hər hansı ədalətsizlik təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.
Onun sözlərinə görə, son illər bəzi hallarda müəllimlərin əsassız şikayətlər və ya subyektiv yanaşmalar əsasında təzyiq altında qaldığı müşahidə olunur:
“Əmək Məcəlləsi açıq şəkildə göstərir ki, müəllimin işdən azad edilməsi yalnız ciddi və sübuta yetirilmiş əsaslar olduqda mümkündür. Əgər müəllim öz vəzifə öhdəliklərini yerinə yetirirsə, dərslərə vaxtında gəlirsə və peşə etikası çərçivəsində fəaliyyət göstərirsə, onunla müqaviləyə xitam verilməsi yolverilməzdir. Təhsil müəssisələrinin rəhbərləri bilməlidirlər ki, şəxsi münasibətlərə və ya əsassız narazılıqlara görə müəllimlərin işdən çıxarılması həm hüquqi, həm də mənəvi baxımdan yanlışdır”.
Fuad Hacıyev qeyd edib ki, müəllimlərin hüquqlarının qorunması təhsil sistemində sabitliyin təmin olunması üçün vacibdir.
Onun fikrincə, qanunsuz işdən çıxarılma halları pedaqoji mühitdə inamsızlıq yaradır və gənc kadrların bu sahəyə marağını azaldır.
Məsələnin hüquqi tərəfi ilə bağlı hüquqşünas Sahib Məmmədov NOCOMMENT.az-a bildirib ki, işəgötürənin təşəbbüsü ilə müəllimin işdən azad edilməsi yalnız qanunda göstərilən konkret əsaslar olduqda mümkündür və bu proses mütləq sənədləşdirilməlidir.
Onun sözlərinə görə, əmək funksiyalarının yerinə yetirilməməsi, intizam qaydalarının sistemli şəkildə pozulması, dərsə davamiyyətin olmaması, etik normalara zidd davranışlar və şagirdlərin təhlükəsizliyinə risk yaradan hərəkətlər əsas kimi qəbul edilə bilər:
“Lakin bu halların mövcudluğu rəsmi aktlar, izahatlar və intizam tədbirləri ilə təsdiqlənməlidir. Sadəcə şifahi şikayət və ya rəhbərliyin subyektiv mövqeyi hüquqi baxımdan kifayət etmir. Əgər prosedur qaydalarına əməl olunmadan müəllim işdən çıxarılarsa, bu, qanunsuz hesab olunur.”
Hüquqşünas əlavə edib ki, qanunsuz işdən azad edilən müəllimlərin məhkəməyə müraciət etmək hüququ var və təcrübədə belə hallar az deyil:
“Məhkəmə araşdırmaları zamanı işəgötürənin qərarı əsassız sayılarsa, müəllim işə bərpa olunur və ona məcburi işsiz qaldığı dövr üçün əməkhaqqı ödənilir.
Bu, həm işəgötürənlər üçün ciddi məsuliyyət yaradır, həm də müəllimlərin hüquqlarının real şəkildə qorunduğunu göstərir. Ona görə də rəhbərlik hər hansı qərar verməzdən əvvəl hüquqi tələbləri diqqətlə nəzərdən keçirməlidir”.
Tunar













