Müəllimlər niyə direktor olmaq istəmir? – “Onlar seçki yolu ilə seçilməlidirlər”backend

Müəllimlər niyə direktor olmaq istəmir? – “Onlar seçki yolu ilə seçilməlidirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib: “Ancaq bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik”.

Bəs direktorların azlığının səbəbi nədir? Nə üçün müəllimlərin çoxu direktor olmaq istəmir?

NOCOMMENT.az xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, son bir neçə ildə direktorların işə qəbulu ilə bağlı imtahan keçirilir və imtahandan yaxşı nəticə göstərənlər müsahibə mərhələsinə girərək boş qalmış vakansiyaları təmin edirlər:

“Bu gün müəllimlərin direktor olmağa həvəs göstərməmələrinin səbəbi odur ki, artıq MİQ imtahanında, sertifikasiyada müvəffəq nəticə göstərənlər, yəni 51 faiz alanlar müəllim kimi daha yüksək əməkhaqqı alırlar və bu məsələ ilə bağlı müəyyən məsuliyyəti bölüşmürlər. Yəni direktorun müəyyən məsuliyyəti var ki, onun üzərinə əlavə işlər qoyur. Bu baxımdan müəllimlər artıq direktor olmaq həvəsindən vaz keçirlər”.

Təhsil mütəxəssisi elm və təhsil nazirinin səsləndirdiyi fikirlərə də münasibət bildirdi:

“Hətta bir neçə həftə əvvəl nazir bir fikir də səsləndirmişdi ki, bəzi məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim qəbuluma düşməkdən çətindir. Bu məsələdə nazir kifayət qədər haqlıdır. Bu gün məktəblərdə direktorlar var ki, ən azı 25-30 ildir həmin yeri zəbt ediblər. Yəni yerlərdə vakansiya çıxarılmır və hətta yaşı 65 keçmiş məktəb direktorları hələ də fəaliyyətlərinə davam edirlər. Bu məsələyə Elm və Təhsil Nazirliyi yenidən baxmalıdır”.

Məzahir Məmmədlinin fikrincə, məktəb direktorluğu üçün meyarlar hələ də müəyyən qədər qüsurludur:

“Müəyyən qədər idarəçilik qabiliyyəti olan, peşəkarlığı kollektivdə qəbul olunan şəxslər məktəb direktoru ola bilərlər. Amma təəssüflər olsun ki, bizdə ancaq direktorun işə qəbulu test üzərindən keçirilir, müvəffəq nəticəni göstərənlər seçilir. Bu, meyar deyil. Testdən imtahan vermək həmin direktorun ancaq biliyini yoxlaya bilir, qabiliyyətini yoxlaya bilmir. Bunun üçün bir mexanizm yoxdur. Ona görə də bu məsələlər daha çox seçki ilə həll olunmalıdır. Mənə elə gəlir ki, bu, daha ədalətli olar və bir neçə il təcrübəsi olan idarəçilik qabiliyyəti olan şəxslər direktor seçilməlidirlər”.