Müharibə dayandı, neft ucuzlaşdı – Azərbaycan üçün risk varmı?backend

Müharibə dayandı, neft ucuzlaşdı – Azərbaycan üçün risk varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın İranla əldə olunan atəşkəs və strateji əhəmiyyətli Hürmüz boğazının yenidən açılması ilə bağlı bəyanatı qlobal enerji bazarlarında əsl “zəlzələ” effekti yaradıb. Bu xəbərin yayılmasından dərhal sonra dünya birjalarında neft qiymətləri son onilliklərin ən kəskin birgünlük enişlərindən birini yaşayaraq sürətlə aşağı düşməyə başlayıb. Regionda gərginliyin azalması və neft daşımalarının əsas marşrutunun bərpası ehtimalı bazarlardakı süni təzyiqi aradan qaldıraraq qiymətlərdə kəskin korreksiyaya səbəb olub.

Hazırda “Brent” markalı neftin qiyməti təxminən 18% ucuzlaşaraq 90 dollar səviyyəsinə enib. Eyni zamanda “Crude Oil” qiymətlərində də 19%-ə yaxın azalma müşahidə olunur. Analitiklər bu vəziyyəti sülh danışıqlarının real nəticəsi kimi qiymətləndirir və enerji daşıyıcılarının qiymətindəki bu tendensiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu kəskin eniş birbaşa “müharibə riskinin” qiymətdən çıxması ilə əlaqədardır: “Uzun müddətdir neftin qiymətini yuxarıda tutan amil iqtisadi tələbat deyil, məhz Hürmüz boğazının bağlanacağı qorxusu və böyük müharibə riski idi. Donald Trampın bəyanatı bu riski sıfırladı. Bazar indi öz təbii vəziyyətinə qayıdır. 18-20%-lik eniş göstərir ki, investorlar artıq regionda sabitliyin bərpa olunacağına inanırlar. Bu, son dövrlərin ən böyük birgünlük ucuzlaşmasıdır və proses hələ dayanmaya bilər”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan neftini də qarşıda yeni reallıqlar gözləyir: “Bizim ‘Azeri Light’ neftimiz dünya bazarındakı ümumi trendlərdən kənarda qala bilməz. ‘Brent’ ucuzlaşdıqca, bizim neftin də qiyməti aşağı düşür. Hazırda 90 dollar civarında olan qiymət hələ ki, Azərbaycanın dövlət büdcəsi üçün kritik deyil, çünki büdcə hesablamaları adətən daha aşağı rəqəmlər üzərindən aparılır. Lakin gəlirlərin azalması qaçılmazdır. Azərbaycan iqtisadiyyatı neft gəlirlərinin azalacağı ssenarilərə hazır olmalı, qeyri-neft sektorunun inkişafına daha çox fokuslanmalıdır”.

Ekspert qeyd edib ki, bu ucuzlaşma prosesinin hansı həddə qədər davam edəcəyi sülh danışıqlarının qalıcı olub-olmamasından asılıdır: “Əgər İranla uzunmüddətli saziş imzalansa və sanksiyalar yumşaldılsa, bazara əlavə neft həcmləri daxil olacaq. Bu halda neftin qiymətinin 80, hətta 75 dollar həddinə qədər enməsini görə bilərik. Üstəlik, Trampın ABŞ-da hasilatı artırmaq siyasəti təklifi daha da çoxaldacaq. Bu isə o deməkdir ki, yüksək neft qiymətləri dövrü arxada qalmaqdadır. İndi həm dövlət, həm də neft şirkətləri üçün ciddi nəzarət mexanizmləri və qənaət rejimi ön plana çıxmalıdır”.

Tunar,
NOCOMMENT.az