Müharibə kölgəsində demokratiya: Ukraynada seçkilər niyə hələ real deyil?backend

Müharibə kölgəsində demokratiya: Ukraynada seçkilər niyə hələ real deyil?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada prezident seçkilərinin keçirilməsi mövzusu son aylarda həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

ABŞ-nin sülh prosesi çərçivəsində Kiyevdən müəyyən güzəştlər gözləməsi, bu güzəştlər baş vermədikdə isə seçki məsələsini gündəmə gətirməsi siyasi gərginliyi daha da artırıb. Xüsusilə ABŞ lideri Donald Trampın açıqlamaları və Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı tənqidləri bu mövzunu beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib.

Lakin müharibənin davam etdiyi, təhlükəsizlik risklərinin yüksək olduğu bir şəraitdə seçkilərin keçirilməsinin hüquqi və texniki baxımdan mümkünsüzlüyü də açıq şəkildə ortadadır. Ukrayna Konstitusiyası və hərbi vəziyyət haqqında qanunvericilik ölkədə müharibə şəraitində ümumxalq səsverməsinin keçirilməsinə imkan vermir və rəsmi Kiyev də bu mövqedə qalmaqda davam edir.

Samir Əsədli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki Ukraynada seçkilərin keçirilməsi ilə bağlı səslənən fikirlər daha çox siyasi təzyiq aləti kimi istifadə olunur:

“ABŞ və bəzi Qərb dairələri bu mövzunu gündəmə gətirməklə Kiyevin danışıqlarda mövqeyini zəiflətməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, hazırkı şəraitdə nə hüquqi baza, nə də təhlükəsizlik mühiti seçkilərin keçirilməsinə imkan verir.

Müharibə davam etdiyi müddətdə milyonlarla insanın yaşadığı ərazilərdə səsvermənin təşkili mümkün deyil. Döyüş bölgələri, işğal altındakı ərazilər, məcburi köçkünlərin vəziyyəti və təhlükəsizlik riskləri seçkilərin legitimliyini şübhə altına alar. Bu səbəbdən Ukrayna rəhbərliyinin mövqeyi tam əsaslıdır.

Zelenskinin 2026-cı ilin yazında seçkilər və referendum keçirmək barədə açıqlaması da onu göstərir ki, Kiyev bu məsələyə yalnız atəşkəs və təhlükəsizlik təminatları əldə olunduqdan sonra qayıtmaq niyyətindədir.

Bu, həm daxili sabitlik, həm də beynəlxalq legitimlik baxımından vacib addımdır”.

Onun fikrincə, Qərb ölkələri demokratik institutların qorunmasını əsas arqument kimi irəli sürsələr də, hazırkı şəraitdə əsas prioritet ölkənin təhlükəsizliyi və ərazi bütövlüyüdür. Seçkilər isə yalnız sabitlik təmin edildikdən sonra real gündəmə çevrilə bilər.

“Seçki məsələsinin tez-tez gündəmə gətirilməsi həm Ukrayna daxilində siyasi balanslara təsir göstərmək, həm də Rusiya ilə aparılan danışıqlarda əlavə rıçaq əldə etmək məqsədi daşıyır. Amma bu yanaşma uzunmüddətli perspektivdə Ukraynanın maraqlarına uyğun deyil.

Ukraynada prezident seçkilərinin keçirilməsi hazırda daha çox siyasi müzakirə predmetidir və real prosesin başlaması yalnız hərtərəfli atəşkəs, təhlükəsizlik zəmanətləri və hüquqi islahatlardan sonra mümkün olacaq”, – S.Əsədli qeyd edib.

Tunar
NOCOMMENT.az