Mülki geyimdə polislər şöbəyə aparıb paylaşımımı sildirdilərbackend

Mülki geyimdə polislər şöbəyə aparıb paylaşımımı sildirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polisin vətəndaşa qarşı zor və təhqiri əks etdirən videogörüntülərə feysbukdakı şəxsi hesabımda status yazıb fikir bildirdiyimə görə məni küçədən tutub polis idarəsinə apardılar. Saatlarla kobud davranışları altında saxlayıb, paylaşımı sildirəndən sonra xəbərdarlıq edib buraxdılar”.

NOCOMMENT Meydan TV-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Təşkilatının sədri Seymur Ağayev deyib.

Onun sözlərinə görə, sentyabrın 27-də Bakının 7-ci mikrorayon ərazisində yerləşən “Tayqa” marketin qarşısında ona mülki geyimdə yaxınlaşan iki nəfər zorla mülki maşına mindirərək Bakı Şəhər Baş Polis İdarəsinə aparıb: “Marketin qarşısındaydım, iki nəfər yaxınlaşdı, soruşdular ki, Seymur sənsən? Dedim, mənəm. Vəsiqə göstərdilər, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsindən olduqlarını bildirdilər. Sənədlərimi, telefonumu əlimdən aldılar, özümü də maşına oturtdular. Soruşdum ki, hansı cinayətimə görə saxlamısınız məni? Dedilər, gedib orada bilərsən. Yolboyu da suallarım cavabsız qaldı“.

Binəqədi Rayon Polis İdarəsində Seymur Ağayevə məlum olub ki, onu polislərin zor tətbiq etdiyini göstərən bir videomateriala feysbukdakı şəxsi hesabında öz fikrini yazmasına görə idarəyə gətiriblər: “Əvvəlcə məni Cinayət Axtarış Şöbəsinə apardılar. Şöbənin rəisi bildirdi ki, məni bura, polislərin ünvanına “küçə uşağı” yazmağıma görə gətiriblər. Məni təhdid və təhqir etdi. Oradan başqa bir otağa apardılar, izahat yazdırdılar, o otaqda mülayim davranış gördüm, hətta mənə çay da verdilər. Ancaq izahatımı yazandan sonra məni idarənin rəis müavininin yanına aparanda yenə kobudluqla qarşılaşdım. Rəis müavininin yanında iki nəfər də vardı, məni sorğu-sual etməyə başladılar. Bildirdim ki, vətəndaşla belə davranmazlar, əgər bura bu şəkildə gətirilməyim sosial şəbəkələrdəki şəxsi hesabımdan yazdığım fikirlərimə görədirsə, burada cinayətlik bir əməl yoxdur, sivil qaydada bildiriş də göndərə bilərdiniz. Rəis müavini dedi ki, kimi necə istəsək, elə də gətirərik”.

Seymur Ağayevin sözlərinə görə, daha sonra paylaşımını sildiriblər: “Mən Türkiyədə təhsil alan azərbaycanlı tələbələri təmsil edirəm. Şəxsimə qarşı edilən bu hərəkətlərə görə çox məyusam. Sayğısızlığa da üzülürəm”.

DİN mətbuat xidməti isə məsələ ilə bağlı “dəvət olunaraq dinlənilib. Polisin hansısa vətəndaşı polis orqanına dəvət etməsi və dinləməsi hüquq pozuntusu hesab edilmir”, – deyə bildirilib.