Müşahidə Şurasının üzvləri Vüqar Səfərli işinə görə istintaqa ÇAĞIRILIBLAR?backend

Müşahidə Şurasının üzvləri Vüqar Səfərli işinə görə istintaqa ÇAĞIRILIBLAR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli barəsində başlanan cinayət işilə bağlı bu qurumun Müşahidə Şurasının üzvləri istintaqa cəlb olunmayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a Şuranın üzvləri məlumat veriblər.

“Səs” qəzetinin baş rekdatoru Bəhruz Quliyev bildirib ki, cinayət işi konkret olaraq Vüqar Səfərlinin əməlləri üzrə başlanıb: “Müşahidə Şurası üzvlərinin burada hansısa rolu olmayıb və heç kim istintaqa cəlb olunmayıb, ifadə verməyib. Çünki hər şey bəllidir, hər şey görünür. Görünməyən, bəlli olmayan, uzunmüddətli araşdırmalara ehtiyac yaranan proses olsaydı, yaxud Müşahidə Şurasının imzası ilə həyata keçirilən hansısa iş, yeyinti faktı aşkarlansaydı, bu, baş verərdi. Araşdırmalar göstərir ki, bütün yeyinti faktları onun özünün birbaşa məsuliyyətidir və Müşahidə Şurasına heç bir aidiyyatı yoxdur”.

B.Quliyev deyib ki, Müşahidə Şurasının üzvlərinin fəaliyyətinə xitam verilməyib, amma dondurulub: “Yeni Agentlik yaradılsa da, onun əsasnaməsi təsdiq edilməyib. Hazırda sərəncamdan irəli gələn məsələlər icra olunur. Amma sərəncamda da göstərilib ki, 2 ay müddətində Əsasnaməsi təsdiqlənməlidir. Sərəncama görə, Agentlik KİVDF-nin hüquqi varisi sayılır. Hüquqi varis olduğuna görə, bizim hüquqlarımız avtomatik olaraq, tanınır. Orada qeyd olunur ki, Müşahidə Şurasının üzvləri 6 nəfərdən ibarət olmalıdır, indiyədək bu say 9 idi. Agentlik tam olaraq, fəaliyyətə başlayacağı vaxtdan yeni tərkib formalaşacaq. Hazırda faktiki olaraq, biz fəliyyətimizi dondurmuşuq. Amma hüquqlar varis olaraq, Agentliyə keçdiyinə, yeni tərkib formalaşmadığına görə, hələlik bizim fəaliyyətimizə xitam verilməyib”.

Müşahidə Şurasının digər üzvü, jurnalust Əvəz Rüstəmov açılan cinayət işilə bağlı istintaqa cəlb olunmadığını, ümumiyyətlə ifadə vermədiyini diqqətə çatdırıb. O həmkarından fərqli olaraq, əlavə edib ki, KİVDF ləğv olunduğundan Müşahidə Şurası da ləğv edilib.

Baş Prokurorluğun məlumatına görə, Vüqar Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.