Baş Prokurorluğunun Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Bakı şəhər sakini, müğənni Nadir Qafarzadə tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.
Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Eyni zamanda bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Hazırda ölkəmiz üçün həssas olan dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq.