Narazı qazilərlə bağlı açıqlamabackend

Narazı qazilərlə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup Vətən müharibəsi qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, qazilər indiyə qədər işlə təmin olunmadıqlarını bildiriblər.

Qazi Nazim Talıbov bildirib ki, müharibədən əvvəlki işinə qayıtmaq istəsə də, çalışdığı qurum onu işə bərpa etməyib: “Mən Talışkənd-Suqovuşan istiqamətində döyüşmüşəm. Biz qazilər müharibədən gələndən işlə təmin olunmamışıq. 3-4 aydır iş təminatı üçün müraciət etsək də, kömək edən olmayıb, bu gün-sabaha salırlar. Əvvəl “Bakı Elektrod”da işləmişəm, lakin müharibədən sonra məni işə bərpa etmədilər”.

Cəlilabad rayonundan gəlmiş digər qazi Ruslan Abbasov da Füzuli, Cəbrayıl, Şuşa istiqamətində döyüşüb və yaralanıb: “Neçə dəfə Məşğulluq İdarəsi çağırıb, məlum olub ki, süpürgəçi işi təklif edirlər. 3 aydır aldadırlar ki, “moyka” veriləcək, lakin verilmir. Ailəliyəm, evimə çörək aparmaq istəyirəm. Budur bizə qoyulan hörmət?”

Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələn 6 qazimizin hər biri nazirliyin əməkdaşları tərəfindən qəbul edilib və müraciətləri dinlənilib: “Beş qazimizin müraciəti özünüməşğulluq proqramı, bir nəfərin isə işlə bağlı olub. Onlar proqrama cəlb edildiklərini qeyd edərək aktivlərin verilməsi prosesinin sürətləndirilməsini xahiş ediblər. Onlara bir daha proqramın icrası barədə məlumat verilib, əvvəlcə təlimlərə cəlb ediləcəkləri, daha sonra isə seçdikləri sahələr üzrə avadanlıqlarla təmin ediləcəkləri bildirilib.

Qazilərimizə özünüməşğulluqlarını qurmaları üçün təlimlərdə iştirakın vacibliyi və bu təlimlər zamanı onlara seçdikləri biznes sahələr üzrə lazımı bilik və bacarıqların tədris ediləcəyi qeyd edilib. İş üçün müraciət edən şəxsə isə mövcud vakansiyalar barədə məlumat verilib. Seçimi əsasında işlə təmin olunmasına yardım ediləcək”.

Məlumatda həmçinin qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən qazilərin hər birinin məşğulluğunun təmin edilməsi üçün işlər aparılır. Qazilər bu görüşdən razı ayrılıblar.