Bakıda külli miqdarda narkotik vasitə ilə saxlanılan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı A.İskəndərovun cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.
A.İskəndərov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, A.İskəndərov sosial şəbəkədə tanış olduğu Elvin adlı İran vətəndaşından 830 qram marixuana alıb. Külli miqdar hesab edilən narkotiki əldə edən zaman Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Narkotik vasitə istifadəçisi olduğunu deyən İskəndərov ittihamla razılaşmayıb. Bildirib ki, İran vətəndaşı olan Elvini son bir ayda tanıyıb. Ondan istifadə üçün narkotik vasitə alırmış.
“Mən narkotiki çəkmək üçün alırdım. Elvin mənə yerini deyirdi, oradan götürürdüm. Sonuncu dəfə alandan sonra mənə yenə narkotik verəcəyini dedi. Mən isə ehtiyac olmadığını dedim. Ad günüm üçün hədiyyə etdiyini dedi. Götürməyə gedəndə saxlanıldım”- deyən İskəndərov əlavə edib ki, həmin zaman narkotikin miqdarından xəbəri olmayıb.
İstintaq zamanı etirafedici ifadə verən İskəndərov məhkəmədə külli miqdarda narkotikin ona aid olmadığını söyləyib.
Məhkəmə belə qənaətə gəlib ki, İskəndərov özünü müdafiə məqsədi ilə ziddiyyətli ifadə verib. İskəndərovun törətdiyi əməlin sübuta yetirildiyi qənaətinə gələn məhkəmə ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.//Musavat.com