Natəvanın vandalizmə məruz qalmış abidəsinin Milli Qurtuluş Günündə yenidən açılışı oldubackend

Natəvanın vandalizmə məruz qalmış abidəsinin Milli Qurtuluş Günündə yenidən açılışı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin və Belçikanın Vaterlo şəhər meriyasının birgə fəaliyyəti nəticəsində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin iyunun 15-də – Azərbaycan Respublikasının Milli Qurtuluş Günündə yenidən açılışı təşkil olunub.

NOCOMMENT.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı və NATO yanında nümayəndəliklərinin rəhbərləri və diplomatik heyət üzvləri, Vaterlo şəhəri merinin müavini, Vallon Brabantın tarixi salnaməçisi Yves Vander Cruysen və Vaterlo meriyasının nümayəndəsi Sandrine Faelen iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış bu tarixi-mədəni abidənin “vandalizmdən qurtulması”nın məhz Azərbaycan Respublikasının Milli Qurtuluş Günündə qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirib və bu tədbirin Azərbaycanın tarixi Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olunması üçün bütün səylərini səfərbər etmiş ümummill lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunduğunu bildirib.

Səfir öz çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsini ziyarət etmələrini xatırlayaraq, zəngin multikultural dəyərlərə malik Azərbaycan mədəniyyətinin və Azərbaycan qadının yüksəliş tarixini təcəssüm etdirən, eyni zamanda, Azərbaycan-Belçika dostluğunu simvolizə edən bu abidənin qorunması və hər zaman diqqət mərkəzində saxlanılması üçün bütün zəruri tədbirlərin davam etdiriləcəyini bildirib.

Qeyd olunmalıdır ki, Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında gənc heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanmış və 2020-ci ilin mart ayında vandalizmə məruz qalmış X.Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.

Vaterlo Mərkəzi Kitabxanasının önündə baş tutmuş açılış mərasimi KİV nümayəndələri tərəfindən işqılandırılıb.

AzərTAC