NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa müraciət edərək, Ukraynanın Rusiya Federasiyası üçün əlverişli şərtlərlə sülh sazişi imzalamağa məcbur ediləcəyi təqdirdə yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Financial Times-a müsahibəsində bildirib.
Rutte Rusiyanın KXDR-ə raket texnologiyaları və İrana pul tədarükü ilə bağlı risklərdən danışıb.
– İran, məsələn, raketlər, eləcə də pilotsuz texnologiya müqabilində Rusiyadan pul alır. Və bu pul “Hizbullah” və HƏMAS-ı dəstəkləmək, eləcə də regiondan kənarda münaqişəni idarə etmək üçün istifadə olunur, NATO-nun baş katibi deyib.
O, Çinin Tayvanla bağlı mümkün planlarına da diqqət çəkib. Əgər Qərb Ukrayna ilə bağlı ədalətli razılaşma əldə edə bilməsə, bu, Pekini gələcəkdə aqressiv addımlar atmağa sövq edə bilər.
Ruttenin sözlərinə görə, Ukraynanın maraqlarını nəzərə almayan istənilən sülh sazişi Kim Çen In, Si Cinpin kimi liderlərə və İran rəhbərliyinə təzyiq və təcavüzün təsirli ola biləcəyinə dair siqnal olacaq.
“Uzunmüddətli perspektivdə bu, təkcə Avropa üçün deyil, həm də ABŞ üçün ciddi təhlükəsizlik təhdidləri yaradacaq”, – deyə o vurğulayıb.
NATO-nun baş katibi Trampı Ukraynanı dəstəkləməyə və Alyansda qalmağa davam etməyə çağırıb. O, Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarına güc mövqeyindən başlaya bilməsi üçün Ukraynaya hərbi yardımın vacibliyini vurğulayıb.