Naxçıvana açılan atəşi Ermənistanın öz ayağına güllə sıxması kimi də başa düşmək olar – RƏYbackend

Naxçıvana açılan atəşi Ermənistanın öz ayağına güllə sıxması kimi də başa düşmək olar – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistanın bununla bağlı üçtərəfli bəyanatda öhdəliyi mövcuddur. Buna baxmayaraq Ermənistan öz öhdəliklərindən yayınmaqdan və Rusiyanı bölgədən çıxartmaqdan ötrü Qərblə əlbir olaraq sözügedən bəyanatın işlək mexanizmini itirməsi üçün ötən müddət ərzində hər yola əl atdı. Bütün bu cəhdlər fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü diplomatiya, atdığı addımlar, qurduğu və saxladığı münasibətlər Ermənistana üstünlük qazanmağa imkan vermədi. Bərpa olmalıdır, Naxçıvanla birbaşa əlaqə isə tamamilə qaçılmazdır. Çünki bu məsələ nəticə deyil, böyük bir layihəyə gedən yolun başlanğıcıdır. Azərbaycanın da xarici siyasət hədəfləri üçtərəfli bəyanatla məhdudlaşmır…” 

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

 

Politoloq bildirib ki, hər dəfə ermənilərin Qarabağa geri dönməsinin aktuallaşması fonunda qarşılarında Qərbi Azərbaycan İcması məsələsi qaldırılır: “Dövlət başçımız illər öncə çıxışlarında xalqına Qarabağ sözünü verirdisə, sonrakı çıxışlarında da Zəngəzur mahalı sözünü verib. Yolun başlanğıcı məsələsinə döndüyümüz zaman söhbət bir tərəfdə Şimal- Cənub Nəqliyyat Dəhlizindən gedirsə, digər tərəfdə dayanan məsələ də Orta Dəhliz layihəsidir. Xəritəyə ötəri, quşbaşı nəzər yetirdiyimiz zaman belə böyük güclərin siyasətlərinin mərkəzində dayanan bu məsələlərə maneə olmaq üçün Ermənistan kifayət qədər cılızdır. Lakin siyasi reallıq bundan ibarətdir ki, həmin güclü aktorların toqquşan maraqları zamanı məsələlərə müdaxilə baxımından Ermənistana müraciət olunur, daha sadə dillə Ermənistanın dövlət kimi simasını təsvir etsək, ondan istifadə olunur.

Hətta bu müddət ərzində Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından ayrı tutulmağa cəhd edilmə amili daxil olmaqla başqa amillər üzərindən də Azərbaycanla Türkiyə arasına soyuqluq salmaq cəhdləri edildi. Zəngəzur dəhlizinin nəinki açılması, bu toponimin adı belə digər imperialist tarixə və təfəkkürə malik İranı da dərindən narahat etdi. Ən dərin anlaşmazlıqlara və əl atılan terrora rəğmən Azərbaycan təmkini itirməyərək hədəfdən yayınmağa, yayındırılmağa icazə vermədi. Bu yolda Rusiya, Çin, Mərkəzi Asiya dövlətləri, digər yandan İran, və Qərblə münasibətlər daim diqqətdə saxlanıldı”.

 

Ş.Həsənovanın sözlərinə görə, Naxçıvanın, Kəlbəcərin atəşə tutulması nəticəni dəyişməyəcək: “Hər bir halda Naxçıvanla əlaqə bərpa olunmalıdır. Diplomatik həll ən məqbul yoldur. Hərbi həll variantını proqnozlaşdırmıram. Ən pis məqamda belə buna inanmıram, ən azından ümid edirəm. Təbii ki, bizim niyyətimiz sülhə gedən yolda silaha əl atılması deyil. Əl atılan sadəcə silah deyil. Digər yandan Qərb də Azərbaycanın daxili məsələlərinə “əl atır”.

Bir sözlə, Ermənistan bir cür, Qərb isə başqa cür cəhdlər edir. Həm də Zəngəzur dəhlizinin açılmasının yenidən aktuallıq qazandığı bir zamanda Naxçıvanın atəşə tutulması ilə İranla Rusiyanın rəqabətinin də şahidiyik. Bunun özü də Azərbaycana əlavə manevr imkanları verəcək. İranı Rusiyanın balanslaşdıracağını proqnoz edirəm. Digər məsələ də budur ki, Ermənistanda müdafiə sahəsində baş nazir Nikol Paşinyanın əmrlərinə tabe olmayan qüvvələr də mövcuddur. Odur ki, Naxçıvana açılan atəşi Ermənistanın öz ayağına güllə sıxması kimi də başa düşmək olar. Hər bir halda iki xalqın və dövlətin bir-birinə əsrlər boyu münasibəti və regional, qlobal rəqabət fonunda sülhə gedən yol hamar olmayacaq”.