Naxçıvanda ölən əsgərin atasından məhkəməyə ETİRAZbackend

Naxçıvanda ölən əsgərin atasından məhkəməyə ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda əsgərin ölümü ilə bağlı məhkəmə çəkişməsi yekunlaşsa da, ata oğlunun intihar etdiyini qəbul etməyərək onun qətlə yetirildiyini bildirib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən ilin mayında baş verib.

Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət edən ali təhsilli əsgər Mərdan Zeynalov (ad-soyad şərtidir) əsgər yoldaşı Aqil İsmayılovu intihar həddinə çatdıraraq onun ölümünə səbəb olub.

A.İsmayılov 2020-ci ildə hərbi xidmətə çağırılıb. 18 aylıq xidmət dövrünün 14 ayını tamamlayıb. Həmin müddətdə ailəsinə hər hansı problem barədə məlumat verməyib. 2021-ci il mayın 1-də evə zəng edib bütün ailə üzvləri ilə danışıb. Mayın 6-da məzuniyyətə buraxılacağını deyib. Mayın 3-də isə hərbi hissədən zəng gəlib və Aqilin öldüyü deyilib. Onun ölümü ilə bağlı əsgər yoldaşı Mərdan Zeynalov təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunub.

İttihama görə, M.Zeynalov A.İsmayılovla mütəmadi zarafatlar edirmiş. Aqil Mərdandan onunla zarafat etməməsini tələb etsə də, Mərdan buna son qoymayıb. O, bir dəfə yeməkxananın önündə, bir dəfə isə odun damında Aqili vurub. Ona qarşı nalayiq ifadələr işlədərək döyüb.

İstintaqın qənaətinə görə, Mərdanın Aqilə qarşı alçaldıcı ifadələr işlətməsi, mütəmadi olaraq döyməsi, nizamnamədən kənar hərəkətlərə yol verməsi nəticəsində A.İsmayılov emosional gərginlik keçirərək mayın 3-də, döyüş növbətçiliyində olarkən ona təhkim edilmiş “AKM” avtomatı ilə alın nahiyəsinə atəş açaraq özünü öldürüb.

Naxçıvan Hərbi Məhkəməsi Aqilin Mərdan Zeynalov tərəfindən intihar həddinə çatdırıldığı qənaətinə gələrək, ona 5 il həbs cəzası verib. Lakin mərhumun atası hökmdən narazı qalaraq Naxçıvan Ali Məhkəməsinə şikayət edib. O, Mərdanın günahsız olduğunu, oğlunun intihar etdiyini deyil, öldürüldüyünü iddia edib.

Apellyasiya şikayətində göstərilib ki, Aqilin öldürüldüyünü təsdiqləyən hallar mövcuddur: “Güllə mərhumun iki göz arasında alnının üstündən vurulub, güllənin keçdiyi yerin ətrafında isə barıt izləri qalmayıb. Aqil özünü yaxın məsafədən vursaydı, güllənin barıt izləri onun alın və göz hissələrində qaralmalı, qaşları yanıb ütülməli idi. Cinayət işinin materiallarından görünür ki, güllənin girdiyi yerin ətrafı və qaşlar zədələnməyib, hər hansı qaraltı, yəni barıt izi də mövcud deyil”.

Şikayətdə iddia edilib ki, Aqil İsmayılov postda olarkən səngərdə vurulub və qan çuxur kimi bir yerə yığılıb: “Bu da qanaxmanın bir müddət davam etdiyini və Aqilin vurulmasından heç kimin xəbərinin olmadığını göstərir”.

Zərərçəkmiş tərəf hesab edir ki, Aqilin özünü vurduğunu deyən şahidlər yalan ifadə verməyə məcbur ediliblər: “Şahidlər ifadəsində Aqilin psixoloji gərginliyi olduğunu deyiblər. Əgər onun psixoloji gərginliyi var idisə, niyə onu psixoloq müayinə etməyib və psixoloji gərginliyi olan əsgər niyə gecə növbəsində posta çıxarılıb. Mərdanın oğlumu vurması və ya başqa formada ona təzyiq edilməsi ilə Aqilin qətlə yetirilməsi arasında əlaqəni göstərən heç bir sübut mövcud deyil.

Oğlum öldüyü vaxt 1 il 2 ayın əsgəri olub, yəni onun xidmətinin sonuna cəmi 4 ay qalmışdı. Ölümündən 2 gün qabaq evə zəng edərək məzuniyyətə gələcəyini dedi. Evə gəlmək üçün pul göndərməyimizi xahiş etdi. Əhval-ruhiyyəsi yüksək idi, anasından ona hansı yeməklərin bişirəcəyini soruşub məzuniyyət zamanı nə edəcəyi barədə qısa məlumat verdi. Mayın 1-də ona 40 manat göndərdik. 2-3 saatdan sonra zəng edərək pulu aldığını da təsdiqlədi. Sual yaranır ki, sevincli halda məzuniyyətə gələcəyini bildirən 1 il 2 ayın əsgəri niyə özünə qəsd etsin? İstintaq bu məlumatları araşdırmayıb və ancaq bir versiya üzərində istintaq aparıb”.

A.İsmayılovun atası məhkəmədə deyib ki, Mərdan Zeynalovun Aqil İsmayılovun ölümünə heç bir aidiyyəti yoxdur: “Telefon danışıqları zamanı Aqilin Mərdanın onu döyməsi barədə heç nə deməyib. Oğlum Mərdandan heç də zəif deyildi. Əgər Mərdan onu incitsəydi, Aqil özünü deyil, Mərdanı vurardı. Mərdandan heç bir şikayətim yoxdur”.

Mərdan Zeynalov da məhkəmə özünü təqsirli bilməyib: “2020-ci il noyabrın 16-dan xidmətə başlamışdıq. İsmayılovla münasibətlərimiz normal olub. Aramızda heç bir ədavət olmayıb. Bəzən mübahisə etsək də, Aqili heç vaxt döyüb-söyməmişəm. Kiçik mübahisələrə görə Aqilin özünü öldürməsini düşünmürəm”.

Məhkəmə istintaqı zamanı şahidlər Aqil İsmayılovun özünü öldürməmişdən bir gün əvvəl psixoloji problemləri və əsəbi olduğunu, tez-tez başının ağrıdığına görə narahat davrandığını, narahatlıqlarına görə hətta neytral əraziyə tərəf qaçdığını da deyiblər. Şahidlərdən biri Aqilin baş ağrılarına görə evlərindən dərman göndərildiyini, mərhumun özünü öldürməsindən sonra hər şeyin yaxşı olduğu, əsgər yoldaşları ilə heç bir probleminin olmadığı yazılan kitabçası tapılıb.

Cinayət işi ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizası müəyyən edib ki, silahla Aqilin alnına dirənmiş vəziyyətdən (5 sm-dək məsafədə) atəş açılıb. Güllənin kalibri 7,62 mm olub. Aqil atəş açarkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanında olub. Sol dirsək nahiyəsində aşkar olunan sıyrığın bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin ölümündən 7-11 gün əvvəl törəndiyi, ölümlə səbəbli əlaqəsi olmadığı aşkar edilib. Mərhumun bədənində digər hər hansı xəsarət izləri, o cümlədən əlbəyaxa mübarizəyə və zorakı öldürülməyə xarakterik xəsarət izləri aşkar edilməyib.

Qeyd edilib ki, Mərdan Zeynalovun alçaldıcı sözlər işlətməsi, mütəmadi olaraq onu döyməsi, təhqiramiz ifadələr, nizamnamədən kənar hərəkətlərə yol verməsi ölümə səbəbli əlaqəlidir. Aqilin özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranması hərbi xidmətə münasibəti, hərbi xidmətin çətinlikləri ilə əlaqəli deyil.

Naxçıvan Ali Məhkəməsi işə baxaraq apellyasiya şikayətini təmin etməyib. Hərbi Məhkəmənin M.Zeynalova verdiyi 5 il həbs cəzası qüvvədə saxlanılıb.