Naxçıvanda keçirilən “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlara çağırış edib.
NOCOMMENT.az-ın məlumatına görə, Abbas İsmayılov bildirib ki, iş adamları real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmək imkanlarından yararlanmalıdırlar. O qeyd edib ki, Naxçıvanda yerli istehsalın dəstəklənməsi və idxaldan asılılığın azaldılması istiqamətində geniş imkanlar mövcuddur.
Eyni zamanda, Abbas İsmayılov vurğulayıb ki, Naxçıvanda ekoloji, dini, müalicəvi, dağçılıq turizminin inkişafı üçün böyük potensial mövcuddur. Burada tarixi abidələrin zənginliyi, Duzdağ Fizioterapiya Mərkəzi, müalicəvi sular və münbit təbii iqlim bu sahəyə investisiyaları cəlbedici edir. O sahibkarları bu imkanlardan istifadə edərək regionun inkişafına töhfə verməyə çağırıb.