“Nazirin 50 sentnerlik YALANI – Məcnun Məmmədovun kənd təsərrüfatından XƏBƏRİ VARMI?backend

Nazirin 50 sentnerlik röyası – Məcnun Məmmədovun Pambıq Fiaskosundan xəbəri varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində məhsuldarlıq planlarından danışmağa davam edir. Bir hektardan 50 sentner pambıq götürmək hədəfi səsləndirilir. Nazir bildirir ki, bu il 36 sentner nəticə əldə olunub və bu, ölkə tarixində nadir göstəricidir. Lakin kənd təsərrüfatı rəqəmlərlə yox, torpağın real vəziyyəti və fermerin yaşayış səviyyəsi ilə ölçülür.

Məcnun Məmmədov 36 sentner göstəricisini uğur kimi təqdim edərkən, həmin 36 sentner pambığı yetişdirən fermerlərin bir qismi hələ də öz zəhmət haqqını ala bilməyib.

2025-ci ilin pambıq mövsümü dekabrın 25-də başa çatıb, pambıq qəbul məntəqələri fəaliyyəti dayandırıb. Fermer məhsulu təhvil verib, tərəzi aktı imzalanıb və müqaviləyə əsasən ödənişin müəyyən vaxtda aparılacağı vəd olunub. Amma indi 2026-cı ilin mart ayıdır. Aylar keçib, amma minlərlə manat zəhmət haqqı gözləyən fermerlər var.

Sosial şəbəkələrdə, media platformalarında pambıq pullarının gecikməsi ilə bağlı çoxsaylı müraciətlər yayılıb. Amma kənd təsərrüfatı sahəsinə cavabdeh qurumun bu məsələyə açıq, sistemli və konkret reaksiyası görünmür. Məcnun Məmmədov statistika təqdim etməyi daha asan yol kimi seçir, lakin fermerin probleminə birbaşa müdaxilə mexanizmi yaratmaq daha çətindir.

Məcnun Məmmədov 50 sentner hədəfini elan edərkən bir fundamental sualı cavablandırmalıdır: keçən ilin pulunu ala bilməyən fermer bu il torpağa hansı motivasiya ilə girəcək? Fermer üçün məhsuldarlıq planı kağız üzərində rəqəm deyil. Fermer üçün əsas məsələ zəhmətinin qarşılığını vaxtında almaqdır.

Bu gün kənd təsərrüfatında xərclər kəskin artıb. Yanacaq bahalaşıb, gübrə qiymətləri yüksəlib, pestisid və dərman preparatlarının qiyməti artıb. Texnika ehtiyat hissələri bahadır. Bank kreditləri fermer üzərində əlavə maliyyə yükü yaradır. Mövsüm işçilərinin əmək haqqı bəzən 7–8 ay gecikir. Belə şəraitdə Məcnun Məmmədovun məhsuldarlıq artımı tələbi real iqtisadi vəziyyətdən uzaq görünür.

Pambıq məntəqələri məhsulu qəbul etdikdən sonra ödənişlərin gecikməsi ciddi problemə çevrilib. Bəzi məntəqə rəhbərləri dünya bazarındakı qiymət dəyişikliklərini bəhanə kimi göstərir. Açıq şəkildə “pul yoxdur” deyən strukturlar da var. Fermer üçün isə dünya bazarı, inflyasiya göstəriciləri və ya kommersiya spekulyasiyaları deyil, öz zəhmətinin haqqı vacibdir.

Nazirlik tez-tez bildirir ki, bu proses özəl sektorla fermer arasında müqavilə münasibətidir və dövlət birbaşa müdaxilə edə bilmir. Amma burada paradoks yaranır. Əgər dövlət bu sahəni strateji hesab edirsə, subsidiya mexanizmi qurursa və pambıqçılığı milli iqtisadi siyasətin tərkib hissəsi kimi təqdim edirsə, o zaman məsuliyyətdən də kənarda qala bilməz.

Cənab nazir Məmmədov anlamalıdır ki, pambıqçılıqda əsas problem texnologiya deyil. Əsas problem etimaddır. Fermer sabah pulunu alacağına əmin deyilsə, torpağa daha çox əmək sərf etməyəcək. İnamsız fermer üçün plan göstəriciləri sadəcə kağız rəqəmləridir.

Mart ayı kənd təsərrüfatı üçün kritik dövrdür. Üç həftə sonra çiyid torpağa səpilməlidir. Amma keçən ilin vəsaitini ala bilməyən fermer yeni mövsümə hansı maliyyə ilə başlayacaq? Yenə borcla? Yenə bank kreditiylə? Yenə şəxsi risk hesabına?

Məcnun Məmmədov bilməlidir ki, məhsuldarlıq yalnız aqrotexniki tədbirlərlə artırıla bilməz. Məhsuldarlığın arxasında iqtisadi təhlükəsizlik dayanır. Fermer sabah pulunu alacağına inanmırsa, sahəyə daha çox sərmayə qoymaz.

Cənab nazir Məmmədov və nazirlik başa düşməlidir ki, kənd təsərrüfatı sadəcə statistika hesabatı deyil. 36 sentner göstəricisinin arxasında günəş altında işləyən, borcla yaşayan, kredit yükü daşıyan insan var. Əgər həmin insan zəhmətinin haqqını vaxtında almırsa, istənilən məhsuldarlıq artımı dayanıqlı olmayacaq.

Bu gün pambıq sahəsində ən böyük təhlükə məhsul azalması deyil. Ən böyük təhlükə kəndlinin inamının məhv olmasıdır. İnamsız fermer torpağa toxum səpməz, alternativ məhsula keçər və ya torpağı boş buraxar. Bu isə gələcək illərdə pambıqçılığın geriləməsinə səbəb ola bilər.

Cənab nazir Məmmədov üçün əsas vəzifə tribunadan plan elan etmək yox, real sektorda fermerin haqqını qorumaq olmalıdır. Pambıq məntəqələrinin kommersiya maraqları deyil, kəndlinin maraqları prioritet olmalıdır. Məhsul qəbul edilən kimi vəsaitin gecikdirilmədən ödənilməsi üçün ciddi nəzarət sistemi yaradılmalıdır.

Əks halda hər il eyni ssenari təkrarlanacaq: televiziyada yüksək göstəricilər, rəsmi hesabatlarda uğur statistikası, kəndlərdə isə ödənilməmiş zəhmət haqqı.

Məcnun Məmmədov üçün 50 sentner planı elan etmək asandır. Amma 36 sentnerin pulunu vaxtında ödəmək idarəetmənin əsl imtahanıdır. Əgər bu imtahandan keçilməzsə, ən gözəl planlar belə kağız üzərində qalacaq.

Kəndli torpağa inanmırsa, pambıqçılığın gələcəyi olmayacaq. Torpaq inamla əkilir, statistikaya yox.

Əli Səfərli 

NOCOMMENT.az