Nazirin blokladığı əlil müəllim nə etməlidir?backend

Nazirin blokladığı əlil müəllim nə etməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmətli Emin Əmrullayev. Mən fiziki məhdudiyyətli gənc müəlliməm. Tezliklə əməliyyat olmalıyam. Sizdən xahiş edirəm, Təhsil Nazirliyi adından Heydər Əliyev Fonduna məktub göndərməklə gənc müəlliməyə dəstək olasınız”.

Bu sözləri Zaqatala rayon Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin kimya müəllimi Elnarə Məhərrəmova tviter hesabında yazıb. Müəllim bildirib ki, bu müraciətdən sonra nazir Emin Əmrullayev onu tviter hesabında bloka atıb.

Dövlət məmurları sosial şəbəkələrdən aktiv istifadə etsələr də, onlara müraciət edib, şikayətlərini bildirənlərə cavab vermirlər, hətta bloka atmaqdan da çəkinmirlər. Buna səbəb nədir?

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Emin Əmrullayevin hər zaman müəllimlərə dəstək olub: “Bu məlumatdan xəbərim var. Lakin inanmıram ki, Emin Əmrullayev kimisə bloka atsın. Emin Əmrullayev istənilən situasiyada cavab verə biləcək şəxsdir. Hətta sosial şəbəkədən aktiv istifadə edən məmurdur.

Deyə bilmərəm ki, müəllim yalan deyir. Lakin bəzi hallarda tanınmış şəxslərin və məmurların adından yaradılan profillər həvəskarlar tərəfindən idarə edilir bu səbəbdən bloklanmış ola bilər. Eyni zamanda, nazirliyin informasiya idarəsi tərəfindən də bloklana bilər.

Emin Əmrullayev hər zaman müəllimlərin yanındadır. Son mətbuat konfransında nazirin özü də dedi ki, bir səhvə görə müəllimi cəzalandırmamalıyıq.

O, 1 il 6 aydan çoxdur ki, təhsil naziridir. Heç vaxt müəllimlərə qarşı sərt mövqe nümayiş etdirməyib.

Bəlkə də Emin Əmrullayevin bu işdən xəbəri yoxdur. Dövlət qurumlarında informasiya təminatı şöbələri var, şikayətçini onlar da bloklaya bilərlər. Problemin yeganə çıxış yolu odur ki, müəllimin dinlənilməsi və məsələnin həllidir”.