Nazirlər nə vaxt istefaya gedir?backend

Nazirlər nə vaxt istefaya gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası səslərin ilkin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyevin 92,12 faiz səs topladığını açıqlayıb.

Bu gün MSK-nın lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyi gözlənilir. Bəs bundan sonrakı proses necə olacaq?

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurmalı və nəticələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Bu isə o deməkdir ki, prezidentin inauqurasiya mərasimi fevralın sonuna qədər reallaşacaq.

Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bundan sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verməlidir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Əgər həmin qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Kabinetdə hazırda yer alan şəxslər bunlardır: Əli Əsədov – Baş nazir, Yaqub Eyyubov – Baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov – Baş nazirin müavinləri, Ceyhun Bayramov – xarici işlər naziri, Zakir Həsənov – müdafiə naziri, Vüqar Mustafayev – müdafiə sənayesi naziri, Vilayət Eyvazov – daxili işlər naziri, Fikrət Məmmədov – ədliyyə naziri, Kəmaləddin Heydərov – fövqəladə hallar naziri, Samir Şərifov – maliyyə naziri, Mikayıl Cabbarov – iqtisadiyyat naziri, Pərviz Şahbazov – energetika naziri, Məcnun Məmmədov – kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev – səhiyyə naziri, Emin Əmrullayev – elm və təhsil naziri, Adil Kərimli – mədəniyyət naziri, Fərid Qayıbov – gənclər və idman naziri, Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri, Kamran İmanov – Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri.