Nazirlik bu şəxslər üçün 500 fərdi ev tikəcəkbackend

Nazirlik bu şəxslər üçün 500 fərdi ev tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işləri bu il daha da genişlənəcək. Eyni zamanda, bu işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir.

Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, 2022-ci ildə həmin evlər, həmçinin yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Bu barədə sosial müdafiə və reabilitasiya əhəmiyyətli obyektlərin tikintisi və təmiri işlərinin, bu sahədə qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Nazirlikdə keçirilən iclasda bildirilib.

Vurğulanıb ki, hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda, Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

Habelə Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabilitasiya müəssisələri açılacaq.

İclasda təmir-tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun, vaxtında və keyfiyyətli aparılması sahəsində görülən işlər də müzakirə olunub.