Kənd Təsərrüfatı Nazirliyi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkənin lazımi qədər buğda ehtiyatının olmaması barədə fikirlərinə münasibət bildirib.
NOCOMMENT xəbər verir ki, bu barədə report-a nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə açıqlama verib.
“Yanlış fikir var ki, deyirlər, əgər biz buğda ilə özümüzü 100% təmin etsəydik, xaricdə buğdanın qiyməti artanda çörəyin qiyməti artmazdı. İqtisadi qanunauyğunluq belədir ki, dünyada qiymət artımı gedirsə, hər hansı bir ölkənin özünü hər hansı bir ərzaqla tam təmin etməsi belə qlobal ərzaq artımından sığortalanmaq üçün əsas deyil. Bunun bariz nümunəsi var. Ötən il Rusiyada da taxıl məhsullarında qiymət artımı olub. Halbuki Rusiya dünyanın bir nömrəli taxıl istehsalçısıdır.
Qiymət artımı ilə bağlı həm Rusiya, həm də Qazaxıstan subsidiyalaşdırma həyata keçirdi. Əgər belə bir qanunauyğunluq var idisə ki, ölkə özünü tam təmin etdiyi halda qiymət qalxmamalıdır, bəs Rusiya və Qazaxıstanda qiymət niyə qalxdı? İqtisadi qanunauyğunluq var və bu qanunauyğunluğa görə, açıq iqtisadi sistem şəraitində buğdanın qiyməti artanda mütləq digər məhsullara təsir edir”, – deyə o qeyd edib.