Nazirlikdəki 9 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏbackend

Nazirlikdəki 9 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin tabeliyində olan Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

NOCOMMENT.az FED.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, Rəşid Məlikzadə Müdafiə Nazirliyinin Büdcə və Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq dövlət büdcəsindən ayrılan pulları şişirdərək mənimsəyiblər.

Belə ki, Rəşad Məlikzadə 2017-2022-ci illərdə Müdafiə Nazirliyinin “N” saylı hərbisəsi və Təlim və Tədris Mərkəzinin maliyyə xidmət rəisi vəzifəsində çalışan zaman 9.369.411,09 manat pul vəsaitini mənimsəyib.

İttihama münasibət bildirən Rəşad Məlikzadə özünü qismən təqsirli bilib. O bildirib ki, əməlləri törədib, lakin məbləğ hissəsi ilə razılaşmır.

Məhkəmə ona sərbəst ifadə vermək üçün söz verib.

Rəşad Məlikzadə ifadəsində bildirib ki, 2017-2018-ci illərdə nazirliyin N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olub:

“Nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rafael Xələfovun təqdimatı əsasında maliyyə xidmət rəisi təyin olunmuşam. Təyin olunduğum gündən şərtlər qaydalar mənə izah olunub. Bildirilib ki, sifarişlər onlarla razılaşdırılaraq şişirtdilmiş rəqəmlər əsasında verilməlidir. Artıq pullar xüsusi kartlar vasitəsi ilə nağdlaşdırılaraq faizlərin nisbəti ilə geri qayıtmalıydı. Belə ki, artıq vurulan pulların 20 faizi Maliyyələşmə şöbəsinə, 40 faizi isə Təftiş şöbəsinə geri qaytarılırdı. Yerdə qalan pullar isə bizə verilirdi. Həmin puldan ildə bir neçə xüsusi tapşırıqlar olurdu, onlara verilirdi”.

Sabiq xidmət rəisi deyib ki, 2017-ci ildə çalışdığı hərbi hissədə təftiş aparılıb:

“Həmin təftişi Azər Məmmədov həyata keçirdi. 153 min manat aşkarlandı. Həmin puldan 92 min manatı Azər Məmmədova təqdim etdim. Lakin indi Azər həmin məbləği inkar edir. 2017-ci ildə təftiş zamanı Müdafiə Nazirliyindən əlavə inspeksiya gəldi. Onlar da yoxlama aparmaq istəyirdilər. Bu zaman mən Təftiş şöbəsinin rəisi Rafael Xələfova zəng elədim, o da kimlərləsə telefonla danışdı. Sonra dedi ki, əlavə 15 min manat verməliyəm. Həmin pulu Rəfail Xələfova göndərdim. Sonra inspeksiya oradan getdi. Həmin il özümə bu yeyintidən 46 min 628 min manat pul qaldı”.

Rəşad Məlikzadə bildirib ki, 2018-ci ildə baş tutan yoxlamalar zamanı hərbi hissədə 849 min manat mənimsəmə aşkarlanıb:

“Həmin yoxlamanı Teymur Teymurov aparmışdı. Həmin yoxlamalardan sonra maliyələşdirməyə, təftişin pullarını verdim. Əlavə olaraq Təftiş şöbəsinin rəisinə 25 min manat Rafael Xələfova, Maliyyələşdirmə şöbəsinin o vaxtı rəisi Nəriman Cabbarova 175 min pul vermişəm. O yoxlamalar zamanı 209 min manat şəxsən özümə qalıb. Həmin ilin sonunda mən artıq Təlim Tədris Mərkəzinə maliyyə xidmət rəisi təyin edildim. 2018-ci ildə baş tutan yoxlamalar zamanı 1 milyon 816 min manat mənimsəmə aşkarlandı. 203 min manat maliyyələşməyə, 270 min manat isə təftişə pul verdim. Xüsusi tapşırıq əsasında 150 min manat Rafael Xələfova, 100 min manat isə Nəriman Cabbarova vermişəm. Həmin ilin yoxlamalarında mənə 315 min manat qalıb”.

Maliyyə xidmət rəisi Təftiş Şöbəsinin rəisi Rafael Xələfova “Land Rover” markalı avtomobil aldığını da deyib:

“Rafael Xələfov bütün işlərin baş qəhrəmanı olub. Amma indi hər şeyi danır, üstündən atır. Mən heç vaxt onlara yalan danışmamışam, qoyduqları şərtlər əsasında təmiz işləmişəm. O vaxt maliyyə xidməti rəislərinin bir çoxu “Land Rover” sürürdü. Bu, bir dəb halını almışdı. Rafael rəisim idi, ona görə mənə dedi ki, maşın istəyir. Tanışım vasitəsilə Almaniyadan ona “Land Rover” gətirdik. Pulunu mənə verdirdi. Həmin maşına 78 min manat ödəmişəm. Rafael Xələfova xırda-xırda çox pul vermişəm. Bir də mağazadan ona 18 min manatlıq geyim almışam. Onun geyindiyi şalvarın da pulunu mən vermişəm. Heç istintaqda dilə gətirmirdim. Gördüm ki, verdiyim pulların hamısını danır ona görə məcbur qalıb danışdım. Oğlu mebel yığdırmışdı, aparıb ustanın pulunu da mən vermişəm. Qohumları ürək əməliyatı olmuşdu, həkimləri mənim tanışım idi. Pulu vermədilər deyə, 8 min manat mən ödədim. Çox şeylər var ki, burada deyə bilmirəm”.

Rəşad Məlikzadə deyib ki, 2022-ci ilin fevralına qədər Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb:

“Ümumilikdə mənə qarşı verilən ittihamdakı məbləğ 9 milyon 369 min manat olub. Həmin puldan xüsusi tapşırıqlar və maliyyələşmə, təftişə 7 milyon 692 min manat pul vermişəm. Ümümi olaraq 1 milyon 396 min manat mənə çatıb. Həmin zərərdən 150 min manat pul ödəmişəm. O da azadlıqda olduğum müddət zamanı olub. Lakin mənə çatan pulu son qəpiyinə qədər ödəyəcəm”.

Prokuror suallarını cavablandıran təqsirləndirilən şəxs bu maliyə yeyinti sisteminin 2017-ci ildən qurulduğunu deyib:

“1998-ci ildən Azərbaycan Ordusunda maliyyə sahəsində çalışıram. 2017-ci ildə bu sistem quruldu. Sistemi və qaydaları bizə Rafael Xələfov qoyub”.

Proses yanvarın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.