Necə olur ki, həm vaksin olunanların, həm də yoluxanların sayı artır? – AÇIQLAMAbackend

Necə olur ki, həm vaksin olunanların, həm də yoluxanların sayı artır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa yoluxanların və gündəlik ölüm hallarının sayı artan tempdə davam edir. Baxmayaraq ki, ölkədə hər gün onminlərlə insan vaksinasiyadan keçirilir.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli də özünün feysbukdakı hesabında yazıb və həm dünyanın qabaqcıl səhiyyə sisteminə malik İsraildə, həm də Azərbaycanda ötən ilin bu günü ilə hazırkı koronavirus statistikalarını müqayisə edib.

O vaksinasiya amilini nəzərə alaraq hazırkı şəraitdə yoluxma və ölüm halları ilə bağlı statistikanın başadüşülən olmadığını bildirib: “Dünyada İsrail səhiyyə sisteminə, öz vətəndaşına yanaşmasına, hörmətinə, qayğısına görə örnək ölkələrdən biridir. Son günlərin virus statistikası həmin ölkədə də ciddi suallar yaradıb, mediada müzakirələrə səbəb olub.

İsrail, 25 avqust 2020-ci il: Yoluxma sayı 2306, virusdan ölüm sayı 8 nəfər, vaksin olunmuş vətəndaş sayı 0.

İsrail, 25 avqust 2021-ci il: Yolyxma sayı 7770 nəfər, virusdan ölən insan sayı 28 nəfər, indiyədək istifadə olunan vaksin sayı 12 milyondan çox. 18 yaşdan yuxarı əhalinin 75%-ə yaxını vaksinləşib (hər iki doza), əhalinin 1,2 mln. nəfəri isə hətta 3-cü dozanı da vurdurub.

Vaksin virusdan qorumur, mutant variantlar daha tez yayılır, bunu bilirik, amma bu mərəzi, axmaq xəstəliyi, virusun müxtəlif ştamlarını yüngül keçirməyə səbəb olmalı, ölüm sayını azaltmalı idi.

Bu gün isə İsraildə reanimasiyada olan xəstə sayı 2020-ci il 25 avqusta nisbətən 3 dəfəyə yaxın, ölüm sayı isə 3,5 dəfə (!!!) artıb.

Bu rəqəmlərdir, rəqəmlər mənim ixtisasımdır, səhiyyə, virus, xəstəlik, vaksin isə mənim bilmədiyim sahələrdir, bu rəqəmlərin elmi, tibbi izahı varmı?! Bu sualları vermək, cavab axtarmaq mənim haqqımdır.

P.S. Azərbaycanda 25 avqust 2020 ci ildə yoluxma sayı 112 nəfər olmuşdu, ölüm qeydə alınmamışdı. Vaksin vurulan vətəndaş da yox idi. 25 avqust 2021ci ildə isə 3794 yoluxma, 33 ölüm faktı qeydə alınmışdı. Hər iki doza vaksin alanlarla yoluxub-sağalanların sayı isə 3 milyon nəfər civarındadır. Bu da rəqəmlərdir, bu rəqəmlərin də izahını mütəxəssislər versələr çox yaxşı olar”.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev məsələ ilə bağlı fikirlərini bildirib və belə müqayisənin yanlış olduğunu deyib: “Eyni gün ilə müqayisə etmək düzgün deyil. Yoluxma sayının eyni olan vaxtları ilə müqayisə etmək düzgündür. Çünki arada qapanma fərqi var. Ötən dövrdə 4000 civarı yoluxma olan zaman ölüm halı nə qədər olubsa, buna baxmaq lazımdır. Bir də birbaşa müqayisə etmək düzgün deyil. Yəni, bu gün yoluxma 4 mindir, ölüm halı 20, bu, o demək deyil ki, son sutkada yoluxan 4 min nəfərin 20-si öldü. Çünki o 4000 təzə yoluxandır. O cədvəldə aktiv xəstə sayı var. Dünyasını dəyişənlər ümumilikdə aktiv xəstələrin hamısını əhatə edir. Müqayisəni belə aparmaq lazımdır. Məsələn, aktiv xəstə 20 min, ölüm halı 20-dirsə, bu zaman ölüm halı 0,1 faizdir. Araşdırmanı belə aparmaq lazımdır”.

Aydın Əliyev bildirib ki, delta ştamının öldürücülüyü daha azdır. O, Azərbaycanda ölüm hallarının çoxalmasını başqa səbəblərlə əlaqələndirib: “Delta ştamının yoluxuculuğu nisbətən çoxdur, amma öldürücülüyü azdır. Ümumiyyətlə, infeksion xəstəliklərdə belə bir qayda var, yoluxuculuq çoxaldıqca, öldürücülük azalır. Bunun da məntiqli elmi izahı var. Əgər ölümcüllük artırsa, yoluxanların əksəriyyəti öldüyü üçün virus çox yayılmır. Və xəstəlik tezliklə məhdudlaşır, çünki yoluxanlar dünyasını dəyişir. Yoluxuculuq artırsa, öldürücülük azalır. Yəni bir-biri ilə tərs mütənasibdir.

Mənim özümün analitik təhlilimə görə əvvəlki dövrlərdə eyni yoluxma sayının olduğu dövrlərlə müqayisədə ölüm halları azalıb. Sadəcə olaraq bizdə başqa faktorlar var. Bizdə ölüm halları bundan da az olmalıdır. Faktorlardan biri, insanların özü tərəfindən panikaya qapılaraq lazımsız dərmanların istifadəsidir. Təəssüflər olsun ki, bizim bir çox həkimlərimiz də xəstələrə lazımsız dərman preparatları yazırlar. Hansı ki, həmin dərman preparatları virusa heç bir təsir göstərmir, əksinə, qaraciyərə, böyrəklərə, orqanizmə artıq yük olur və orqanizmin özünün virusla mübarizəsini çətinləşdirir.

Xəstəxanalarda obyektiv və subyektiv səbəblərdən yanlış yanaşmalar da var. Amma tibb işçilərini də qınaya bilmərik. Çünki iş çoxdur, maddi təminatları kifayət qədər deyil və yorulurlar, çatdıra bilmirlər. Bizdə səhiyyə idarəçiliyində ciddi qüsurlar var. Personal sayı artırılsa, iş saatı qaydasında olsa və o insanlar maddi cəhətdən normal təmin edilsələr, ölüm halları daha az olar. Sadaladığım faktorların məncə rolu var”.