Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilərbackend

Nəcməddin Sadıkov bu dəfə məhkəməyə gətirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquqşünas bildirib ki, həbsdəkilərin generalla bağlı səsləndirdiyi ittihamlar mütləq araşdırılmalıdır

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son prosesdə şahid Rəhim Laçınova ibtidai istintaqda verdiyi ifadəsi xatırlandıqdan sonra Nəcməddin Sadıkovun adını çəkməsinə belə aydınlıq gətirib:

“Mən tender komissiyasının 5 üzvündən biri olmuşam. Mənə heç bir məbləğ verilmirdi, ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi. Ancaq mən görməmişəm ki, Fikrət Mirzəyev aparıb Maliyyə İdarəsinə pul versin, ancaq deyirdi verirəm. Onun ifadəsi əsasında da məndə ibtidai istintaqda ifadə vermişəm”.

Daha sonra general Nizami Məmmədovun “Maliyyələşmə gedəndə bilirdiniz ki, hansı firmaya nə qədər pul köçürürük” sualına şahid belə cavab verib:

“Yox, mən sənədləri görmürdüm. Amma müqavilənin qiymətini görürdük. Şirkətlər müqavilələri Fikrət müəllim olmayanda mənə verirdilər. Ümumi köçən məbləğin 3 faizini Maliyyə İdarəsinə verirdik”.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin “3 faizi maliyyələşməyə nəyə görə verirdiniz” sualına şahid belə cavab verib:

“İbtidai istintaq Nizami müəllim tutulandan sonra bizdən ümumi hesabatı istəmişdi. Müstəntiq hesabata baxıb bizə suallar verirdi, biz də təsdiq edirdik. Fikrət Mirzəyevin ifadəsi həmin hesabata uyğun yazılıb. Mən də onların dediklərinin düz olduğunu görüb təsdiq edərək ifadə vermişəm”.

Daha sonra Rəhim Laçınov təmir bölməsində 2016-cı ildən işlədiyini deyib. Qeyd edib ki, 2017-ci ilin iyul ayından köçürülən pulların 18 faizi ona çatdırılıb:

“Həmin məbləğin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə və Büdcə İdarəsinə göndərilib. Bütün bunları da Fikrət Mirzəyevin deməyinə əsasən yazmışam. Ancaq dəqiq bilmirdim ki, Fikrət müəllim həmin 3 faizi Maliyyə və Büdcə İdarəsinə çatdırıb və yaxud çatdırmayıb”.

General əmlaklarını niyə satışa çıxarıb?

General əmlaklarını niyə satışa çıxarıb?

Natiq Ələsgərov

NOCOMMENT.az xəbər verir ki, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkovun adı bu günə qədər xeyli cinayət tərkibli əməllərdə çəkilib:

“Məhkəmədə maliyyə yeyintilərindən söhbət açılır və Nəcməddin Sadıkovun adı həmin maliyyənin 15 faizini ələ keçirən şəxs kimi hallanırsa, yəqin ki, istintaq orqanı bu istiqamətdə də müvafiq addımlar atacaq. Nəcməddin Sadıkovun barəsində gec-tez ölçü götürüləcək”.

Natiq Ələsgərov deyib ki, hərbi ekspert, ehtiyatda olan zabit Elçin Axundzadənin Nəcməddin Sadıkovla bağlı mətbuatdakı çıxışı faktiki olaraq sabiq Baş Qərargah rəisinin kimliyini ortaya qoyur. Elçin Axundzadə hələ 2020-ci ilin dekabrında Sadıkovun cinayətkar fəaliyyətini ifşa edən fikirlərlə çıxış etmişdi.

Elçin Axundzadənin fikirlərindən sitat:

“Mən bu qurumun ən korrupsiyalaşmış, rüşvətin inkişaf etdiyi, yeyintiyə yol verilən qurum olduğunu deyərdim. Çox azərbaycanlı zabit və generallar ordumuzdan şər və böhtanla uzaqlaşdırılıblar. Onların böyük əksəriyyəti xalqına xidmət edən, əsgərinə qayğı göstərən milli ruhlu zabitlər olub. Bütün bunlarda Nəcməddin Sadıkovun böyük rolu oldu”.

Elçin Axundzadə bildirib ki, Müdafiə Nazirliyinin aldığı keyfiyyətsiz silahlar, ordudan incidilərək uzaqlaşdırılan generallar, hərbi hissələrdəki yeyinti və mənimsəmə faktları mütləq şəkildə yoxlanılmalıdır:

“Nəcməddin Sadıkovun adı hələ 2016-cı ilin aprel döyüşlərində hərbiçilərimiz tərəfindən nifrətlə çəkilməyə başladı. Çünki zabit və komandirləri yalan yerə ittiham edərək həddən artıq incitdi, həbs etdirdi. Dövlət başçısının qarşısına Nəcməddin Sadıkov tərəfindən tərtib edilib qoyulmuş planda Ağdam və Ağdərə rayonlarına hücum planı var idi. Məhz bu plan çoxlu sayda əsgər ölümləri və məğlubiyyətlə nəticələnə bilərdi ki, ordu da, xalq da ruhdan düşsün, Qarabağı azad etmək planlarından əl çəksin. Ali Baş Komandan bu planı görüb onu “qəsd” adlandırmışdı. Bəs bu planı dövlət başçısının qarşısına qoyan Nəcməddin Sadıkov nə planlayırdı? Sadıkovun növbəti hədəfi elit bölmələr və Hikmət Mirzəyev idi. Lakin Ali Baş Komandan hərbi məsələlər üzrə müşaviri Mirzəyevi qorudu və bu generalımızın qələbəmizdə böyük payı var”.

Bundan başqa, Elçin Axundzadə “Nə qədər ki, Müdafiə Nazirliyindən Ramiz Mehdiyevin yerləşdirdiyi kadrlar uzaqlaşdırılmayıb, belə narazılıqlar davam edəcək. Bu narazılıqlar da məhz ölkə başçısının gördüyü işlərə kölgə salmaq üçün planlaşdırılır”, – deyə bildirmişdi.

Natiq Ələsgərov isə bildirib ki, Nəcməddin Sadıkovun həbsi üçün kifayət qədər ciddi məlumatlar, faktlar var. Yetər ki, onunla bağlı siyasi qərar verilsin, qalan məsələlər qısa müddətdə həllini tapa bilər.