Əmtəə treyderləri olan “Trafigura Group” və “Gunvor Group Ltd” şirkətləri neftin qiymətinin bir qədər də enəcəyinə dair proqnoz veriblər.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, şirkətlərin proqnozuna əsasən, Çində tələbin zəifləməsi və təklif çoxluğu qiymətləri azaldan əsas səbəblərdir.
“Trafigura”nın neft bölməsinin rəhbəri Ben Lakok Asiya Sakit Okean Neft Konfransındakı çıxışında “Brent” markalı neftin dəyərinin yaxın gələcəkdə 60 dollara düşəcəyini deyib: “Neft bazarındakı vəziyyət qiymətlərin daha çox düşəcəyinə dair gözləntiləri gücləndirir”.
“Gunvor Group Ltd”nin prezidenti də neftin ucuzlaşması üçün əsasların yarandığını vurğulayıb: “Bu gün biz istehlak etdiyimizdən qat-qat çox neft hasil edirik və bu tarazlığın yaxın illərdə daha da pisləşəcəyi ehtimalı var”.
Xatırladaq ki, ötən həftənin sonunda “Brent” neftinin qiyməti 70 dollara qədər enib. Bu gün qiymət bir qədər yüksəlsə də hələ də “Brent” nefti çox aşağı qiymətə satılır. Son bir ildə bu marka neftin qiyməti 20 faizdən çox dəyər itirib.