Nərmin işi: Qoyun cəsədi üzərində eksperiment aparılıbbackend

Nərmin işi: Qoyun cəsədi üzərində eksperiment aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiqi mərhələsi aparılır.

Bugünkü iclasda müdafiə tərəfi İlkin Süleymanovun tibbi ekspertizasını, həmçinin Nərmin Süleymanovanın üzərində təqsirləndirilən şəxsə aid olduğu iddia olunan liflərlə bağlı rəy verən ekspertlərin məhkəmədə dindirilməli olduqlarını deyiblər.

“Bundan əvvəl də həmin ekspertlərin məhkəmədə ifadə verməli olduqları barədə vəsatət vermişdik. Rəy vermək üçün istintaq orqanı ilə ekspertlər arasında çoxsaylı dialoqlar olub, indi gəlib sualları cavablandırsınlar”, – deyə vəkil Əlibaba Rzayev deyib.

Vəkil, həmçinin aşkar edilmiş meyitin Nərminə aid olması ilə bağlı da şübhələr olduğunu bildirib: “Burada əsas arqumentlərdən biri yanmış meyitin boyu ilə Nərminin boyunun ziddiyyətli olmasıdır. Aşkar edilən meyitin boyu 1.41-1.42 santimetrdir. Amma istintaq orqanı Nərminin boyunun maksimum 1.20 santimetr olmasını müəyyən edib. Ekspertiza aparan həkim meyitin boyunu dəqiq müəyyənləşdirməli idi”.

Qeyd olunub ki, iş materiallarında başqa bir məqam isə Nərminin meyitinin yanma vaxtını, alovun hündürlüyünü müəyyən etmək üçün qoyun cəsədi üzərində eksperiment aparılması olub. İlkin Süleymanovun vəkilləri Əlibaba Rzayev və Zabil Qəhrəmanov sözügedən eksperimentin yanlış olduğunu deyiblər: “İnsanla qoyunun yanma prosesi eyni ola bilməz axı. Bunun mümkünlüyünü yoxlamaq üçün ən azı mütəxəssislərə müraciət edilməli idi. Görüntü yaratmaq üçün belə şey etmək olmaz. Özləri üçün eksperiment aparıblar, nəticəsi barədə də məlumat verməyiblər”.

Proses sabah davam etdiriləcək.