Nərminin nəşinin tapılmasından bir il keçdi: Qərar nə zaman veriləcək?backend

Nərminin nəşinin tapılmasından bir il keçdi: Qərar nə zaman veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu il noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 47 gündən sonra, 2020-ci il yanvarın 6-da yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı istintaqın başlamasından bir il ötür.

NOCOMMENT-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, N.Quliyevanın itkin düşməsi ilə bağlı ilkin məlumat sosial şəbəkələrdə yayılmışdı. Ailəsi kəndin içində itkin düşən azyaşlının iki aya yaxın müddət ərzində tapılmamasından narazılıqlarını bildirirdilər.

Rəsmi qurumlar isə məsələ ilə bağlı ilk dəfə Nərminin meyiti tapılan günün axşamı açıqlama verdilər. Məlum oldu ki, araşdırmalar nəticəsində Nərminin öldürüldüyünə şübhə yarandığı üçün noyabrın 28-də köməksiz vəziyyətdə olan şəxsi öldürmək maddəsi ilə cinayət işi başlanılıb.

Müəyyən edilib ki, atası Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

Yanvarın 6-da saat 19:30 radələrində isə indi sözügedən qətldə təqsirləndirilən İlkin Süleymanov evlərindən, təxminən, bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat vermişdi.

N.Quliyevanın atası Şərif Quliyev o zaman açıqlamasında bildirmişdi ki, Nərmin başından küt alətlə vurularaq qətlə yetirilib: “Qızım tapılandan 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil”.

Yanvarın 8-də 10 yaşlı Nərmin torpağa tapşırılaraq dəfn edildi. Sabiq baş prokuror Zakir Qaralov bildirdi ki, Nərminin qətli ilə bağlı məsələ Prezidentin nəzarətindədir. Yanvarın 10-da onun meyitini tapan İlkin Süleymanov şübhəli şəxs kimi saxlanıldı və məhkəmənin qərarı ilə həbs edildi.

İttihama görə, İ.Süleymanov Nərmini küçədə görüb aldatdıqdan sonra evə aparıb və valideynləri ilə birgə qaldığı həyətdə heç kimin olmadığı evdə saxlayıb. Rəsmi açıqlamada bildirildi ki, İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanovun qətli etiraf etdiyi də açıqlandı. Lakin sonradan vəkili bildirdi ki, İlkin həmin ifadəni təzyiq altında verib. İ.Süleymanov istintaqa sonrakı ifadələrində bu cinayətlə heç bir əlaqəsi olmadığını bildirib.

Bu gün bir il tamam olur ki, istintaq davam edir. Sonuncu dəfə məhkəmə İlkinin həbs müddətini 1 ay 13 gün artırıb və fevralın 10-da İlkinin həbs müddəti başa çatır.

Onun vəkili Əlibaba Rzayev açıqlamasında bildirib ki, sonuncu məhkəmə də İlkin Süleymanov təqsirli olmadığını deyib: “İlkin məhkəmədə dedi ki, onun əleyhinə heç bir sübut olmadığı halda nəyə görə həbsdə qalmalıdır?! Hakimə sual etdi ki, axı, bu iş nə qədər uzanacaq?”

Ə.Rzayev əlavə edib ki, fevralın 10-da Baş prokuror Kamran Əliyev təqsirləndirilən İlkin Süleymanovun istintaqı ilə bağlı qərar verməlidir: “Prosessual qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmalıdır. İlkin Süleymanov xüsusilə ağır cinayətdə ittiham olunduğu üçün bundan artıq həbsdə saxlanıla bilməz. Qanunvericiliyə görə, cinayət işində təqsirləndirilən şəxslərin sayının çox olması, yaxud iş materiallarının çox olmasına görə Baş prokuror və ya onun birinci müavini zərurət olduğuna görə istintaqı daha 6 ay uzada bilər. Lakin bu işdə bir təqsirləndirilən, bir də zərərçəkən var. Bu tələb İlkin Süleymanovun işində keçərli deyil. Bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün yekun qərarı Baş prokuror özü verməlidir”.

Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur: “İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir”.

Qeyd edək ki, İ.Süleymanov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.