Tanınmış jurnalist Nəsimi Nəbizadə iki gün öncə müalicəsinin ikinci ayına keçdi. Artıq bir ayı geridə qoyduq. Demək olar, 40 gün tamam olub.
NOCOMMENT.az Pravda.az-a istinadla xəbər verir ki, bunu “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib. O əlavə edib: “Asılı şəxsin bir ay ayıq yaşaması böyük şeydir. Nəsimi Nəbizadədə müşahidə olunan budur ki, qaçmağa dəlik axtarır. İstəyir ki, manipulyasiya etsin, bizi evinə aparsın, oradan qaçsın. Bu, metamfetamin istifadə etməsinin nəticəsindəndir. Beyin çöküb. Metamfetamin qəbul edərkən şizofreniya kimi hal yaranır, beyin gec bərpa olunur. “Heroin”in insana 5 ilə vurduğu zərəri metamfetamin bir ilə vurur.
Nəsimi Nəbizadə artıq uzun illərdir, metamfetamin qəbul edir. Allaha şükür olsun, gedişat yaxşıdır. Anormal, qeyri-adi bir şey müşahidə olunmur. Normal proses gedir. Fiziki cəhətdən də normala qayıdıb. İki-üç aya fiziki tam qaydasına düşəcək, amma psixoloji sağalması hələ çox tezdir. Hətta insani hislər müalicənin 3 ayında bərpa olunur, özgüvən gəlir ki, yaxşıyam. 3 ay ərzində təbiətdən belə zövq ala bilmirlər”.
Mərkəz rəhbəri jurnalist Ceyhun Əsgərovun da vəziyyətini açıqlayıb: “Ceyhun Əsgərovda isə qəribə və sürətli proses gedir. Maraqlıdır, əslində, içki aludəçisini 8 ay saxlamaq daha məqsədəuyğundur. Lakin Ceyhun Əsgərovu, çox güman ki, reabilitasiyadan 6 aya çıxaracağıq.
Bizimlə Mərkəzdə davam etməyə çox həvəslidir. Özüm də demişəm ki, səninlə ömürlük dostluq etməyə hazıram, bu yolda xidmət edək, millətimizi bu bəladan qorumaq üçün çiyin-çiyinə çalışaq. Artıq qərar qəbul etmişik, vəd vermişik. Ceyhun Əsgərov ibadətini də edir, stabildir.
Mənimlə ömürlük dost olmaq istəyir. Tort aldıq, onları sevindirdik. Nəsimi Nəbizadə dedi ki, məni evə apar, gedib qayıdım. Təbii ki, biz bu manipulyasiyalara getmərik. Onunla bağlı planımız var. Nəsimi Nəbizadə ya bizimlə, ya da bizsiz sağalandan sonra onsuz da bu xalqa, millətə xeyir verəcək.
“Qurtuluş Media” yaradılacaq. Nəsimi Nəbizadə və Ceyhun Əsgərovu işlə təmin edəcəyik. Onların vasitəsilə geniş kütləyə maarifləndirici məlumatlar veriləcək ki, gənclər bu bəlaya düçar olmasınlar. Analar övladlarını elə böyütsünlər ki, nəticədə reabilitasiyalıq, asılı xəstə olmasınlar”.