Somalinin Prezidenti Həsən Şeyx Məhəmmədin çərşənbə axşamı Ankaraya səfəri gözlənilir.
NOCOMMENT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla planlaşdırılan görüş, İsrailin Somalilendin müstəqilliyini dünyada ilk tanıyan ölkə olmasından bir neçə gün sonraya təsadüf edir.
Ankaradakı diplomatik mənbələrin haqqin.az-a verdiyi məlumata görə, Türkiyə və Somali prezidentlərinin görüşündə Somalinin sahil sularında Türkiyə tədqiqat gəmisi tərəfindən aparılan seysmik enerji araşdırmalarının nəticələri açıqlanacaq. Qeyd olunur ki, İsrailin Somalilendlə bağlı qərarını ilk qınayan ölkə Türkiyə olub və Ərdoğanın əsas bəyanatını Həsən Şeyx Məhəmmədlə görüşdə verəcəyi gözlənilir.
Mənbələrin bildirdiyinə görə, görüşdə əsas müzakirə mövzusu Laskorey limanında yeni Türkiyə hərbi bazasının tikintisi olacaq. Qırmızı dənizə birbaşa çıxışı olan bu strateji liman üzərində Somalilend də iddia irəli sürür və İsrailin son qərarından sonra ərazinin geosiyasi əhəmiyyəti daha da artıb.
Ankara 2014-cü ildən Laskoreydə hərbi baza və kiçik bir liman inşa etməyi planlaşdırırdı. O vaxt Moqaşido ilə şifahi razılaşma əldə olunsa da, layihə həyata keçirilmədi. Mənbələr bildirir ki, bazanın tikintisindən imtina Türkiyə müxalifətinin “Somalidə nə işimiz var?” kampaniyası ilə əlaqəli daxili siyasi təzyiqlərlə bağlı olub. İndi isə İsrailin son addımından sonra Ərdoğan–Şeyx Məhəmməd görüşündə bu məsələnin yenidən gündəmə gəlməsi gözlənilir.









