Nikol iki od arasında qalıb: Rusiya onu daha çox yandırır…backend

Nikol iki od arasında qalıb: Rusiya onu daha çox yandırır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Nikol Paşinyanın sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməsi Ermənistanda sözün əsl mənasında xaos yaradıb.

Paşinyanın sülh bəyanatından qəzəblənən ermənilər küçələrə axışarq, yerli hakimiyyətin istefasını tələb ediblər. Xalqın qəzəbinə tuş gələn baş nazir daha sonra sülhlə bağlı fikirlərini danaraq, hər hansı sənədin imzalanmasından söhbət getmədiyini bildirib.

“Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisində davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır”, – Paşinyan ilk açıqlamasında deyib.

Bundan sonra Ermənistan vətəndaşları etiraza qalxaraq parlament və hökumət binasına hücum edib. Paşinyan isə aksiyaların kütləvi hal almasından qorxaraq geri addım atıb.

“Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, dost olmayan xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”, – Nikol ermənilərə səslənib və onları təşvişə düşməməyə çağırıb.

Ermənistanda gecə saatlarında yaşanan sülh qalmaqalı barədə müxtəlif fərziyələr səsləndirilir. Bəziləri iddia edir ki, Nikol Paşinyan bu addımı ilə ermənilərin sülhə hazır olub-olmadığını yoxlamağa çalışıb.

NOCOMMENT xəbər verir ki, Ermənistandakı etirazlar barədə modern-ə  danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Paşinyan dünən verdiyi birinci açıqlamasında səmimi idi, sonradan fikrindən dönüb:

“Paşinyan dünən – “Ermənistan ərazisini qorumalıyam”, – deyəndə, əslində, tam səmimi idi. Çünki o başa düşür ki, Ermənistan üçün indi bundan daha faydalı yol yoxdur. Ancaq o peşəkar siyasətçi olmadığına görə, balanslaşdırılmış siyasət yürüdə bilmir, həm də istəyinə nail olmağı bacarmır. Paşinyan təzyiq olan kimi dərhal fikrini tez dəyişir. Bu dəfə də gözlənilən kimi oldu. Parlamentə hücum edilməsi və xalqın hökumət binasını tutmaq cəhdləri Paşinyan üçün böyük təzyiq oldu. Bunun fonunda Paşinyan yenə öz fikrindən daşınaraq geri addım atdı”.

Politoloqun sözlərinə görə, əslində Paşinyanın qorxaraq geri addım atmasının səbəbi çevriliş riskidir:“Paşinyan özü də hakimiyyətə çevriliş yolu ilə gəldiyi üçün xalqın etiraz aksiyalarından çəkindi. Ona görə də, dərhal bəyan etdi ki, hər hansı müqavilə imzalamayacaq. Bununla da Azərbaycanın illərdir ki, beynəlxalq aləmə Ermənistanın ikiüzlü dövlət olması ilə bağlı xəbərdarlığı bir daha öz təsdiqini tapıb. Bundan əvvəl bizə inanmırdılar. İndi isə vəziyyət tamamilə fərqlidir”.

Bununla belə, Cümşüd Nuriyev hesab edir ki, hadisələrin bu cür inkişafı Paşinyan hakimiyyətinə son qoya bilər: “İndi Paşinyanın hakimiyyətdən getməsini Rusiya da istəyir. Amerika isə bunu istəmir. Amerikanın dördüncü ən böyük səfirliyi Ermənistandadır. Paşinyan indi iki od arasında qalıb. Rusiyaya yaxınlaşır Amerika, Amerikaya yaxınlaşır Rusiya onu yandırır. Onun konkret fikrinin olmaması da məhz bununla bağlıdır. Hadisələrin belə davam etməsi Paşinyan hakimiyyətinin sona çatmasına səbəb ola bilər”.