Nikol Moskvadan imtina etdi: Əliyev görüşə niyə razılaşdı?backend

Nikol Moskvadan imtina etdi: Əliyev görüşə niyə razılaşdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının yaydığı məlumata görə, Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində görüş barədə razılaşıblar.

Demək, görüş olacaq. Maraqlıdır, Nikol Paşinyan 9 noyabra nəzərdə tutulan Moskva (və yaxud Soçi) görüşündən niyə imtina etdi? Bu imtinadan təxminən bir ay sonra Brüsseldə görüşə nədən razılaşdı?

Moskvada 9 noyabrda görüş olacağı ilə bağlı Rusiyanın hakimiyyətə yaxın, ən nüfuzlu agentlikləri diplomatik mənbələrə istinadla məlumat yaymışdılar. Daha sonra bu görüşün Soçidə baş tutacağı açıqlanmışdı. Belə görünürdü ki, görüşün təşkilatçısı və moderatoru Rusiyadır və Prezident Putin bu danışıqlarda maraqlıdır.

Moskva (Soçi) görüşünün baş tutmamasının səbəbi kimi İrəvanın imtinası göstərildi və bunu rusiyalı politoloqlar da etiraf etdilər. Əvəzində isə görüşün nəzərdə tutulduğu günlərdə Ermənistanın təxribatları başladı: 7 noyabrda keçmiş müdafiə naziri Arşak Karapetyanın Xankəndiyə qanunsuz səfəri, 8 noyabrda Şuşa yaxınlığına diversantların göndərilməsi, Laçın istiqamətində hərbi mövqeləri qabağa çəkmə cəhdi, daha sonra Şuşa ətrafındakı posta terakt, sərhəddə ardıcıl atəşkəs pozuntuları və nəhayət, 16 Noyabr döyüşlərinə səbəb olan təxribat.

Ermənistan 16 Noyabr döyüşlərində ağır zərbə aldı, Rusiya və KTMT-ni müdaxilə etməyə səslədi və bu təxribatın da hədəfi əslində Kremli münaqişəyə birbaşa cəlb etmək idi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvada MDB ölkələri TŞ katiblərinin görüşü ərəfəsində mediaya açıqlaması və “Rusiya yardım etməsə, Ermənistan başqa variantlar haqda düşünəcək” sözləri ilə Kremli şantaj etməyə çalışması isə təxribatların əsl mahiyyətini ortaya qoydu: hədəf Rusiyanı münaqişəyə cəlb etmək, bu alınmadıqda isə Rusiyaya qarşı daxili narazılığı körükləməklə, Qərbə doğru açıq siyasəti genişləndirmək idi.

Suren Papikyanın 15 noyabrda müdafiə naziri təyin olunması da bu siyasətə hesablanmışdı. Karapetyan və Baş Qərargah rəisi Davtyan Rusiyaya bağlılıqları ilə seçilirlər, Papikyan isə “Soros uşağıdır”. Karapetyan yola salındı, Davtyanın isə nəinki vəzifədən uzaqlaşdırılması, hətta həbsi müzakirə edilir.

N.Paşinyan Rusiyanın imicinə daxildə son zərbəni vurmaqla, qərbyönlü siyasətini davam etdirmək qərarını qətiləşdirib. Buna görə də Moskvadan guya “şərtlərə görə” imtina edir, ancaq Brüsselə razılaşır.

İlham Əliyev bu görüşə niyə razılaşdı?

Əvvəla, Prezident İlham Əliyev nəticəsiz görüşlərdən birmənalı imtina etdiyini hər zaman sübut edib. Əgər Brüsseldə görüşə razılaşıbsa, demək, nəticəli danışıqlar gözlənilir.

İkincisi, İlham Əliyev Azərbaycanın milli maraqlarından hətta torpaqlarımızın 20 faizi işğal altında olanda belə bir millimetr də geri çəkilməyib. Hazırda ərazi bütövlüyümüzün təmin olunduğu, sərhəddə ən strateji mövqelərə Ordumuzun nəzarət etdiyi, həmçinin 16 Noyabr döyüşləri ilə Ermənistan ordusunun bir daha darmadağın edildiyi bir məqamda hansısa güzəştdən söhbət gedə bilərmi?

Üçüncüsü, Paşinyan görüşə məcburdur və böyük ehtimalla təxribatlarda əli olmadığını sübut etməyə çalışacaq. Tərəflər arasında insidentlərdən qaçmaq üçün birbaşa xəttin yaradılmasının təşəbbüskarı da böyük ehtimalla İrəvandır. Nikol Paşinyan bununla heç bir təxribata yol vermədiyini, sərhəddəki təxribatların nəzarətindən kənar hərbi qüvvələr tərəfindən törədildiyini isbatlamağa çalışacaq. Mümkündür ki, hətta bu təxribatların “Rusiyanın müəyyən qüvvələrinə bağlı olan” erməni hərbçilər tərəfindən törədildiyini iddia etsin. Başqa çarəsi də yoxdur.

Dördüncüsü, İlham Əliyev Brüsselə razılaşmaqla əslində Ermənistan hakimiyyətinin Rusiyaya münasibətini bir daha Kremlin diqqətinə çatdırmış olur. Yəni: Azərbaycan lideri Moskva (Soçi) görüşünə hazır idi, imtina edən isə Ermənistan rəhbərliyi oldu. İndi isə Ermənistan “Rusiyasız görüş” arzulayır – nəticəni Kreml çıxarmalıdır. Prezident Putin Ermənistan hakimiyyətinin oyununu özü qiymətləndirməli, regionda səmimi tərəfdaşlığa kimin can atdığına özü diqqət etməlidir.

Beşincisi, İlham Əliyev üçün real nəticəsi olan görüşün harda keçirilməsinin fərqi yoxdur: hədəf kommunikasiyaların açılması, sərhədin demarkasiyası, Ermənistanın sülh sazişi üzərində işləməyə başlamasıdır. Onsuz da sərhəd demarkasiyası SSRİ xəritələri əsasında həll edilməlidir və Rusiyanın vasitəçiliyi mütləqdir. Əgər Ermənistan Rusiya vasitəçiliyindən imtina edərsə, onda 1920-ci ilin müstəqil Azərbaycan və müstəqil Ermənistan xəritələri gündəmə gələcək ki, bu da Zəngəzur, Dərələyəz və Göyçənin belə mübahisəlndirilməsi deməkdir.

İlham Əliyev əlini gücləndirən diplomat, şərtləri qəbul edilmiş Prezident, Ordusu sərhəddə bütün yüksəkliklərə nəzarət edən qalib Ali Baş Komandan, qonşuları ilə səmimi tərəfdaşlıqda maraqlı olan və qonşularının maraqlarını 3+3 formatında qorumağa çalışan etibarlı siyasətçi kimi görüşə gedir.

Moskvadan imtina edən Nikol Paşinyan Brüsselə necə gedir və Kremlə hansı cavabı verəcək?

Bu, Ermənistanın sorosçu hakimiyyətinin öz işidir…

axar.az