Niyə ordumuz Laçından keçəndə dövlət bayrağımızı endirməlidir?backend

Niyə ordumuz Laçından keçəndə dövlət bayrağımızı endirməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, çox ciddi nüansdır. Sovet dövründəki rus hərbçiləriylə biz şərti olsa da, eyni bir – sosializm, kommunist ideologiyasına xidmət edirdik. Biz eyni ittifaqın tərkibində idik və bir-birimizə bir az isti münasibətlər vardı. Amma hazırkı Rusiya əsgəri şovinist dövlət rəhbərliyi tərəfindən Azərbaycana nifrətlə köklənmiş əsgərdir. Yəni indi artıq biz tamamilə fərqli bir ideologiyaya sahibik… Bu mənada düşünək; əgər o vaxt eyni ideologiyaya xidmət etdiyimiz sovet-rus hərbçisi bizə qarşı qırğınlar təşkil edirdisə, indi nələr baş verə bilər?.. Odur ki, belə nüansları açıqlamaq, nəzərə almaq və Ali Baş Komandanın başçılığıyla torpaqlarımızın xeyli hissəsinin azad olunmasına rəğmən yersiz eyforiyadan uzaq olmaq gərəkdir…”

NOCOMMENT xəbər verir ki, bu fikirləri 1988-1992-ci illərdə Laçında yaradılmış Müdafiə Komitəsinin rəhbəri, Ərazi Müdafiə taborunun və 811 saylı Laçın alayının komandiri, o dövrdə də ərazimizə yeridilmiş sovet-rus ordusu komandirləri ilə işgüzar ünsiyyət və qarşıdurmaların iştirakçısı olmuş ehtiyatda olan polkovnik Arif Paşa moderator.az əməkdaşının – “sizcə, indiki Rusiya sülhməramlıları o vaxtın guya sülh yaratmaq missiyalı sovet-rus hərbçiləri ilə siyasi-ideoloji baxımdan fərqlənirmi?”, – sualına cavab verərkən söyləyib.

“Təsəvvür edin ki, hazırda Laçın dəhlizi dedikləri ərazimizdə olan rus sülhməramlılar rayon mərkəzinin girişlərində postlar qurublar. Milli Ordumuzun bölmələri həmin postlardan keçəndə avtomobillərin üzərindəki Azərbaycanın dövlət bayrağını yığışdırmağa məcbur edilir. Təsəvvür edirsinizmi, öz torpağımızda biz öz milli, dövlət bayrağımızı qaldıra bilmirik. Halbuki, Xankəndidə – Azərbaycanın tarixi, hüquqi digər şəhərində Araikin başçılığıyla separatçı, terrorçu ermənilərin əski parçası küçələrdə addımbaşı, hər işıq dirəyindən asılıb. Laçında da Zabux kəndindəki körpünün Ermənistan istiqamətindəki başında asıblar…

Üstəlik, Rusiya sülhməramlıları Xankəndidə həmin erməni separatçıların əski parçaları altında onlarla müzakirələr aparır, məsələlər həll edirlər…

Bu, şərəfsizliyin, həyasızlığın və özünə hörmətsizliyin ən böyük nümunəsidir… Rusiyanın missiyası bax, belədir, budur. Açıq-aşkar bəlli olur ki, Rusiya Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə iş aparır… Və bütün bu proseslər gələcəkdə Azərbaycanda yeni faciələrin baş verməsinə gətirib çıxara bilər. Xalqımız ayılmalıdır…

Bizim babalarımız, atalarımız, ermənilərlə müharibələri gördü, özümüz gördük, indi bizim nəvə-nəticələrimiz də eyni taleyi yaşamalıdır?.. 44 günlük müzəffər savaşımızda olduğu kimi, yenidən birlik, həmrəylik nümayiş etdirərək əcnəbi bir dövlət qoşunlarının torpaqlarımızda özlərini işğalçı, hökmran bir qüvvə kimi aparmasına son qoymalıyıq”, – deyə döyüşçü polkovnik vurğulayıb.