Bakı şəhərinin qədim və zəngin tarixə malik yaşayış yerlərindən biri, Azərbaycanın mədəniyyət tarixində, həmçinin dünyada quruda neft sənayesinin ilk izlərinin görüldüyü Balaxanıya yollanırıq.
Ensiz küçələr, rəngarəng divarlar, nərd oynayan ağsaqqallar, fonda qaynayan samovar, küçədə gəzişən pişiklər, tarixin izlərini daşıyan abidələr və daha nələr-nələr…
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qarşımızda üzərinə “РЕТРОДОМ” yazılan, içərisində qədim əşyaların olduğu mağaza var. Burada sözün əsl mənasında Balaxanının tarixinə aid bir çox faktı görmək mümkündür, hətta Nobel qardaşlarının vaxtilə Marusiya adlı bir xanıma yazdıqları məktubu da…
Kolleksiyaçı İntiqam Quliyev deyir ki, onun kolleksiyaları arasında Balaxanının tarixinə aid çox şey var: “Burada rəssam Səttar Bəhlulzadənin 50 illik yubileyi ilə bağlı tələbələrinin təbrik məktubu, 1916-cı ilə aid Balaxanı Qızlar Məktəbinin attestatı var. Bunları yerli camaatdan əldə etmişəm. Kolleksiyaları satın almaq istəyən xarici vətəndaşlar da olub, amma satmamışam. Çünki düşünmüşəm ki, bunlar Balaxanının tarixidir və Azərbaycanda qalmalıdır”.
Yenidənqurma və bərpa işləri aparılsa da, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsi hələ də öz qədimliyini qoruyub saxlayır. Burada 1912-ci ildə tikilmiş yaşayış evi həmin evin sahibi Durmuşəli Mayılova babalarından miras qalıb. O deyir ki, evin tikilmə tarixi qədim olduğu üçün Balaxanıya gələn ziyarətçilərin çoxu bura baş çəkir. Bu maraq və ata-baba yadigarı olduğu üçün evi söküb yenidən tikməyi heç vaxt düşünməyib .
Balaxanını qarış-qarış gəzərkən sakinlər deyir ki, burada 1941-1945-ci illərdə – İkinci Dünya Müharibəsi dövründə istifadə olunmuş sığınacaq var və həmin sığınacaq hələ də qalır. Bunu eşidər-eşitməz yollanırıq sığınacağın olduğu yerə.
Oranın giriş qapısı vaxtilə açıq olsa da, indi qıfıllanıb və yararsız haldadır.
Beləliklə, bugünkü Balaxanı həm tarixi irsi qorumağa, həm də müasirliklə ayaqlaşmağa çalışır. Son illərdə burada aparılan geniş abadlıq işləri nəticəsində qəsəbənin küçələri təmizlənib, köhnə evlər bərpa olunub. Balaxanı indi həm turistlərin, həm də tarixsevərlərin marağını cəlb edir.
Balaxanı sadəcə bir yaşayış məkanı deyil, həm də Azərbaycanın tarixini, mədəniyyətini və iqtisadi irsini özündə birləşdirən unikal bir yerdir. Keçmiş və gələcəyin harmoniyasını hiss etmək istəyənlər, bir dəfə də olsa, buraya baş çəkməlidirlər.
Daha ətraflı videoreportajda: