Nursultan Nazarbayev HARALARDADI?backend

Nursultan Nazarbayev HARALARDADI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 10-də Prezident İlham Əliyev Qazaxıstana səfər edib. Dövlət başçısı Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb, dövlətlər arasında vacib sənədlər imzalanıb, mətbuata birgə bəyanatlar verilib.  Prezident İlham Əliyevin səfəri elə dünən başa çatın və Qazaxıstan rəsmiləri dövlət başçısını Nursultan Nazarbayev Beynəlxalq Aeroportundan yola salıb.

Maraqlıdır ki, səfər çərçivəsində 28 il ölkəyə rəhbərlik edən Nursultan Nazarbayevin adı başqa yerdə keçməyib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, sabiq liderin haralarda olması ilə bağlı araşdırma aparıb.

Ötən ilin əvvəlində Qazaxıstanda baş verən toqquşmalardan sonra Nursultan Nazarbayevin ölkə siyasətinə təsiri tamamilə minimallaşıb. 82 yaşlı sabiq liderin adı mətbuatda çox az görünür. O, ara-sıra bir sıra dövlət başçılarına məktublar göndərir. Bir neçə gün əvvəl, aprelin 9-da Nazarbayev Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayev Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova anasının vəfatı ilə əlaqədar məktub yazıb və ona başsağlığı verib.

Nazarbayevin hazırda Qazaxıstanda olduğu bildirilir. Sonuncu dəfə o, mətbuat qarşısına martın 19-da çıxıb. Sabiq lider Astanada yerləşən Opera və Balet Teatrının binasında parlament seçkiləri üçün səs verib. Səsvermə mərasimindən sonra Qazaxıstanın Birinci Prezidenti xalqı Novruz bayramı münasibətilə təbrik edib. Qazaxıstanın “Zakon” nəşri yazır ki, bu zaman eks-prezident ürəyindən əməliyyat olunmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxırdı.

Yanvarın 20-də səhər Qazaxıstanın “Xəbər” telekanalının keçmiş rəhbəri Aleksandr Aksyutits Nazarbayevin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Sabiq liderin mətbuat katibi Aidos Ukibay Nazarbayevin əməliyyat olunduğunu, həyatı üçün təhlükə olmadığını bildirib. Ürək cərrahı Yuri Pya daha sonra aydınlıq gətirib ki, Nazarbayev əməliyyat deyil, “müalicə və diaqnostika proseduru” keçirib və 2,5 saat davam edib. Yanvarın 24-də Nazarbayev klinikadan buraxılıb.

Nazarbayev 28 il Qazaxıstana rəhbərlik edib, 2019-cu ilin martında istefa verib. Vəzifədən getdikdən sonra o, bəzi imtiyazları saxlayıb. Nazarbayev ilk prezident və xalqın lideri (elbası) statusu daşıyırdı. Ölkə qanunvericiliyinə əsasən, mövcud hakimiyyət Qazaxıstanın daxili və xarici siyasətinin əsas istiqamətlərini Nazarbayevlə razılaşdırmağa borclu idi. 2018-ci ildə ona respublikanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ verilib. Elbası titulu isə 2010-cu ildə təqdim edilib.

Ötən ilin əvvəlində baş verən kütləvi etirazlardan sonra respublikada Nazarbayev imtiyazlarından məhrum edilib. Bu il yanvarın ortalarında Qazaxıstan Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millətin lideri (Elbasy) elan edən və ona ömürlük imtiyazlar və təminatlar verən “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” qanunun etibarsız sayılması barədə qərar çıxarıb.

2019-cu ildə Qazaxıstanın paytaxtı Astana şəhəri Nazarbayevin şəhərinə Nur-Sultan adlandırılıb. 2022-ci ilin sentyabr ayında Astana adı geri qaytarılıb. Sabiq liderin əvvəllər rəhbərlik etdiyi “Nur Otan” partiyasının da adı dəyişdirilib və “Amanat” adlandırılıb.

Qeyd edək ki, Nursultan Abişeviç Nazarbayev 1940-cı il iyulun 6-da Alma-Ata vilayətinin Kaskelen rayonunun Çemolqan kəndində anadan olub. Evlidir, üç qızı var.