Olaf Şoltsa etimadsızlıq səsverməsinin verilməsindən sonra Almaniya hökuməti “Avropa üçün təhlükəli bir zamanda çökdü”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.
“Almaniya hökuməti Avropa üçün təhlükəli bir vaxtda çökdü. Bu qitənin ən güclü iqtisadiyyatlarından birində siyasi qeyri-sabitliyi artırıb”, – məlumatda bildirilir.
Qeyd edilir ki, Şoltsa etimadsızlıq səsverməsi iqtisadi və təhlükəsizlik problemlərinin artdığı bir vaxtda bütün Avropada liderlik böhranını dərinləşdirib.
NYT-nin məlumatına görə, Ukraynada münaqişə kəskinləşib, Rusiya guya “Kiyevə və onun tərəfdarlarına qarşı getdikcə daha sərt təhdidlər etməyə” başlayıb və yeni seçilmiş prezident Donald Tramp ABŞ-da vəzifəsinin icrasına hazırlaşır. Bütün bunlar “ticarət əlaqələri və avropalıların hərbi müdafiəsi ilə bağlı yeni suallar doğurur”.
Qeyd edək ki, dekabrın 16-da Almaniya parlamenti (Bundestaq) Şoltsun kabinetinə etimadsızlıq səsverməsi keçirib.
Səsvermənin nəticələri Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən təsdiqlənərsə, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki fevralın 23-nə təyin olunacaq.
Bu hadisələrin fonunda Şolts ölkə prezidenti Frank-Valter Ştaynmayerə Almaniya parlamentinin buraxılmasını təklif edib.