ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Konqres tərəfindən Ukraynaya silah və digər hərbi yardımların tədarükü üçün ayrılmış qalan 5,6 milyard dollar vəsaitin hamısını xərcləməyə vaxt tapmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” Pentaqonun yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Bayden administrasiyası çətin ki, Konqresin Ukraynaya silah və digər hərbi yardım göndərmək üçün ayırdığı qalan 5,6 milyard dolları xərcləsin”, – nəşr yazır.
Məqalədə həmçinin iddia edilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Bayden dövründə başlanmış yardım tədarüklərini başa çatdırmaya bilər ki, bu da Ağ Evin münaqişəni mümkün qədər tez bitirmək istəyi ilə bağlı ola bilər.
Qəzet onu da yazıb ki, Respublikaçılar Partiyasının üzvü olan və əvvəllər Ukraynaya yardımın tərəfdarı olan bir sıra amerikalı konqresmenlər Trampın seçkilərdə qələbəsindən sonra mövqelərini dəyişiblər. NYT iddia edir ki, prioritetlərin belə dəyişməsi Trampın öz mövqelərinə uyğun gəlmə cəhdi ilə bağlı ola bilər.