Azərbaycanda taksi xidməti şəhər həyatının ayrılmaz hissəsinə çevrilsə də, sərnişinlər və sürücülər arasında problemlər davam edir. Ölkədə fəaliyyət göstərən müxtəlif taksi şirkətləri barədə mütəmadi şikayətlər səsləndirilir. İddialara görə, sifarişlərin gec qəbul edilməsi, sürücülərin sifarişi yarıyolda ləğv etməsi, ödəniş üsuluna görə müştərilərdən imtina edilməsi və bəzi hallarda sürücülərin yolu tanınmaması kimi hallar keyfiyyətin aşağı düşdüyünü göstərir. Son vaxtlar isə bu cür şikayətlərin əksəriyyəti “Bolt” platforması ilə bağlıdır.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə tez-tez sosial şəbəkələrdə də müzakirələr açılır. Belə paylaşımlardan birində deyilir ki, müştəri kartla ödəniş üsulu ilə taksi sifariş etdiyi üçün sürücü ona “kartla getmirəm, sifarişi ləğv et” mesajı yazıb.
“Mən də cavab vermişəm ki, o zaman özün ləğv et. Amma nə sifarişi ləğv etdi, nə də ünvana doğru hərəkət etdi. Maraqlıdır, nə vaxtadək sürücülər “çörək pulu” adı ilə hər cür yola əl atacaqlar? Kişi kimi pul qazanmaq bu qədər çətindirmi? “Bolt”a şikayətimi bildirmişəm, amma yola verirlər. Mənə görə, bu şirkət özünə hörmət etməyənlər siyahısındadır”, – deyə o qeyd edib.
Şikayətlərlə əlaqədar “Bolt”a sorğu ünvanladıq. Şirkətin PR meneceri Nigar Kazımova Bakupost.az -a açıqlamasında bildirdi ki, “Bolt” tətbiqi vasitəsilə sifariş olunan səfərlərin ödənişi həm kart, həm də nağd şəkildə həyata keçirilə bilər və sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır:
“Bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur. “Bolt”un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür”.
Onun sözlərinə görə, şirkət Bakı və Abşeronda fəaliyyət göstərən tərəfdaş sürücülər üçün “Erkən Nağdlaşdırma” funksiyasını aktiv edib:
“Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi və hesablaşmanı gözləmədən gündəlik olaraq nağd şəkildə öz bank kartları vasitəsilə əldə edə bilirlər. Beləliklə, kartla ödənilən məbləği də sürücü gündəlik olaraq öz bank hesabından və ya ona bağlı bank kartından çıxara bilir. Hal-hazırda sürücülərin bank kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur. Sürücülər “Bolt” platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsi ilə əldə edə bilərlər”.
