Dekabrın 19-da Rusiya ordusu Odessa bölgəsindəki liman infrastrukturuna ballistik raket zərbəsi endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
“Zərbə nəticəsində dayanacaqdakı yük maşınları yanıb. İlkin məlumata görə, təəssüf ki, 7 nəfər həlak olub. Daha 15 nəfər yaralanıb, xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənlərə bütün lazımi yardımı göstərirlər”, – deyə rəsmi bildirib.
***
Rusiya ordusunun Odessanın liman infrastrukturuna ballistik zərbəsi nəticəsində 8 nəfər həlak olub, 27-dən çox şəxs yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Odessa vilayəti Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Fövqəladə hallar xidməti bildirib: “Rusiyanın hücumu nəticəsində 8 insan həyatını itirib, 27 nəfər yaralanıb. Yaralılardan bəziləri zərbənin mərkəzində olan avtobusda olub.”
Məlumata görə, hücum zamanı parkinqdəki yük maşınları yanıb, həmçinin şəxsi avtomobillər də zədələnib. Bütün yanğınlar operativ şəkildə söndürülüb.
Odessa vilayət prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı mülki şəxslərin ölümünə səbəb olan hərbi cinayətlər üzrə cinayət işi başlanıb. İlkin məlumatlara görə, həlak olanların yaşı 20 ilə 62 arasında dəyişir, bir neçə nəfərin şəxsiyyəti hələ dəqiqləşdirilir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi insanlar avtomobillərində həyatlarını itirib, raketin hərbi hissəsinin isə kaset tipli olduğu bildirilir.
Bundan əlavə, Rusiya ordusu Odessaya yaxın Mayaki kəndi ərazisində yerləşən körpüyə də bir neçə güclü zərbə endirib. Bu səbəbdən Odessa-Reni magistralı bağlanıb və minlərlə sürücü uzun tıxaclarda qalıb.














