Oğlumu 18 saat ayağından asılı vəziyyətdə saxlayıblarbackend

Oğlumu 18 saat ayağından asılı vəziyyətdə saxlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri – Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Orucəli Heydərov zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Vasif Məmmədovun sullarını cavablandırıb.

Nümayəndənin suallarına cavab verən təqsirləndirilən şəxs həbs olunan gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə baş verən mərkəzə gətirilən zaman baş verənləri belə danışıb: “Mən orada dedim ki, Allah bizi niyə bu günə saldı. Mənim hadisənin baş verməsindən, Hüseyn Məmmədovun ölümündən xəbərim olmayıb. Mərkəzə gətiriləndən sonra bildim ki, bu hadisə baş verib. Orada bu sözləri deyəndə də ümumi olaraq demişəm. Sözlərim heç kimə aid olmayıb. Orada başqa heç kim olmayıb. Yalnız polis və prokurorluq işçiləri olub. Ümumi olaraq deyirdim ki, zibilə düşdük”.

Nümayəndə isə məhkəmənin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxsin bu cavabı 5 dəfə verib və hər dəfə də fərqli cavablar olub.

Daha sonra sualları cavablandıran təqsirləndirilən şəxs deyib ki, Hüseyn Məmmədov narkotik vasitənin təsirindən ölüb. Onun sözlərinə görə, ona işgəncə verilməyib. O deyib ki, rəhbərlik etdiyi mərkəzə narkotik vasitə keçirilməyib və keçirilməsi də mümkün deyil. Bu zaman Hüseyn Məmmədovun narkotik vasitəni necə əldə etməsi ilə bağlı suallara təqsirləndirilən şəxs cavab verə bilməyib.

Bu zaman zərərçəkmiş şəxsin hüquqi varisi, atası Rafiq Məmmədov deyib ki, mərkəzdə onun oğlunu 18 saat ayağından asılı vəziyyətdə saxlayıblar. Bununla bağlı hüquqi varisin ünvanladığı suala təqsirləndirilən şəxs cavab verə bilməyib.

Bu zaman hüquqi varis təqsirləndirilən şəxslərin ünvanına təhqiredici ifadələr işlədib. Hakim ona xəbərdarlıq etməsinə baxmayaraq, o, həmin ifadələri səsləndirməkdə davam edib. Hakim hüquqi varisin məhkəmə zalından kənarlaşdırılması üçün sərəncam verib və sərəncamın icra olunması üçün prosesdə 5 dəqiqləlik fasilə elan olunub.

Fasilə zamanı Hüseyn Məmmədovun anası da təqsirləndirilən şəxslərə öz etirazını bildirib: “Bunlar mənim oğlumu, savadlı balamı məhv ediblər. Oğluma işgəncə verənlərin gözləri kor olsun. Mənim tək oğlum idi. Onunla nəfəs alırdım. Uşağıma məni həsrət qoydular”.

Rafiq Məmmədov məhkəmə zalından kənarlaşdırılandan sonra hakim heyəti zala gəlib. Hakim deyib ki, hüquqi varis məhkəməyə qarşı ədəbsiz hərəkətlərə yol verib. Buna görə də onun məhkəmə zalından kənarlaşdırılmasına səbəb olub.

Daha sonra hakim digər təqsirləndirilən Famil Rzayevə sərbəst ifadə vermək üçün söz verib. Famil Rzayev isə ifadə vermək üçün vaxt istəyib. Bildirib ki, vəkili ilə məsləhətləşəndən sonra ifadə verəcək.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İttihama görə, adıçəkilən müəssisədə narkomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.

Digər üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin, ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə – Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.

Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.