“Oğlumun cəsədini mənə verir, sonra yolda əlimizdən alıb morqa qaytarırdılar” – Balıqçının atasından şok sözlərbackend

“Oğlumun cəsədini mənə verir, sonra yolda əlimizdən alıb morqa qaytarırdılar” – Balıqçının atasından şok sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi 30.12.2025-ci il tarixində gecə saatlarında Astara rayonunun Şahağac kənd sakini, itkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun Xəzərin İran tərəfində tapılan meyiti Azərbaycan tərəfə təhvil verilib.

Turanın atası Eyvaz Həsənov NOCOMMENT.az -ın Cənub bürosuna verdiyi açıqlamada bildirib ki, İran tərəfdə 12 gün qalıb və oğlunun cəsədini əzab-əziyyətlə, Xarici İşlər Naziri Ceyhun Bayramovun köməyi, dəstəyi ilə Azərbaycana gətirib.

”İran tərəfindən bizə məlumat verildi ki, tapılıb sizin oğlunuz. Çəkiliş edib atdılar bizə. Baxdıq, təsdiqləndi ki, həqiqətən oğlumdur. Mən çıxdım o əraziyə, 12 gün orada qaldım. Mənə çox əzab-əziyyət verdilər, incitdilər. Cəsədi vermirdilər… Sağ olsun bizim xarici işlər naziri Ceyhun Bayramov, onun vasitəsilə alıb verdilər cəsədi. Axşam saat 11-12 –də çıxartdım öz ərazimizə.

Cəsədi bizə verməməyə səbəb deyirdilər ki, guya bizim tərəfdən şikayət olunub ki, sağ-salamat ora çıxıb, onlar tərəfindən öldürülüb. Amma mən də, yoldaşım da təsdiq etdik ki, həqiqətən bu iki balıqçılar, iki əmioğlu Həsənov Ağadədə, Həsənov Turan balıq ovuna gediblər. Mən notariat qaydada təsdiq etdim ki, İran dövlətindən şikayətim yoxdur, notariat da onu təsdiq elədi. Təsdiq olunan sənədləri ora göndərdim. O kağızlar da onlarda idi. Dedilər, gəlin, cəsədi veririk, vermədilər.

“İşgəncə ilə alırdılar uşağı məndən, verirdilər mənə. Sonra gəlirdilər yolda tutub aparıb qoyurdular morqa. Uşağı belə pis, bərbad vəziyyətə saldılar verdilər mənə. Onu da belə zülmlə verdilər… XİN-nin dəstəyi köməyi olmadan heç cür ala bilməzdim uşağı onlardan. Sağ olsun mənim dövlətim, sağ olsun mənim xalqım onların dəstəyi ilə öz uşağımı gətirdim vətənimə”.

Qeyd edək ki, dekabrın 19-da Ağadədə Həsənovun meyiti Xəzər dənizinin Astara rayonu ərazisindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.