9 oktyabr tarixində VMF Şirkətinin əsasən dünyanın məşhur markalarının sərgi salonu kimi tanınan “Kontinental saat muzeyi”ndən oğurlanan nadir saatsazlıq nümunəsi “BREGUET Tourbillion” mexanizmli qızıl saatdır.
NOCOMMENT.az viral.az-a istinadən xəbər verir ki, bunu VMF Şirkətinin Baş direktoru Aida Əliyeva bildirib.
“Bu saat marka tərəfindən məhdud sayda istehsal edilib və saatın siferblatında onun nömrəsi qeyd edilir. “BREGUET Tourbillion” və beşgünlük güc ehtiyatı sayəsində bu saat dünyada texniki yaradıcılıq və saatsazlığın şah əsəri kimi Azərbaycanda da bütün dünyada olduğu kimi, saatsevərlər üçün incəsənət nümunəsi kimi sərgilənir”, – A.Əliyeva əlavə edib.
Onun sözlərinə görə, “Kontinental saat muzeyi”ndə nümayiş etdirilən bu saatın 9 oktyabr tarixində bu sahədə “ixtisaslaşmış” beynəlxalq səviyyəli Çin oğru dəstəsi tərəfindən oğurlanması faktı aşkar edilən kimi VMF şirkətinin təhlükəsizlik xidməti dərhal polis idarəsinə və “Paşa Sığorta” şirkətinə müraciət edib.
“Sözün düzü, bu saatsazlıq incisinin oğurluq sahəsində “ixtisaslaşan” beynəlxalq cinayətkar dəstələrin maraq dairəsində olması ilə bağlı məlumatımız var idi və bir sıra öklələrdə ayrı-ayrı vaxtlarda bununla bağlı oğurluq faktları da aşkar edilmişdi. Amma Azərbaycanda polis və VMF təhlükəsizlik xidmətinin birgə keçirdikləri əməliyyat nəticəsində cinayətkarlar 90 dəqiqə ərzində hava limanında zərərsizləşdirildilər və saatçılığın bu şah əsəri xilas edildi.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün mətbuat orqanlarında faktla bağlı yayılan məlumatlarda jurnalistikanın xəbəri emal etməklə bağlı bir sıra təməl qaydalarına riayət edilməyib. ANS hər zaman xəbəri yayıma verəndə bir neçə mənbədən və ən əsası, ilkin mənbədən onu dəqiqləşdirirdi. Acınacaqlı hal oldur ki, yayılan xəbərlər heç bir mənbəyə istinad edilməyib və əsas mənbə VMF-dirsə, mənə VMF Şirkətinin Baş direktoru kimi heç kim müraciət etməyib. Əfsuslar olsun…”.
A.Əliyev təəssüflə qeyd edib ki, mətbuat orqanları bu olayda maraqlı fakt kimi saatın qiymətini ön plana çıxarıb:
“Amma burada da səhv ediblər. Bu incəsənət əsərinin dəyəri müxtəlif yazılardan fərqli olaraq 100 minlərlə sayılmır, cəmi 80 min manat civarındadır. ANS yazsaydı, maraqlı fakt kimi bu hadisədə saatın dəyəri yox, Azərbaycan polisinin cəmi 90 dəqiqə ərzində beynəlxalq, ixtisaslaşmış, qatı, peşəkar cinayətkar qrupunun yaxalanması məharətindən yazardı.
Fürsətdən istifadə edərək, Azərbaycan polisinə, təhqiqatçılarına, əməliyyatçılarına, habelə VMF Şirkətinin təhlükəsizlik xidmətinin aparıcı mütəxəsislərinə, eyni zamanda öz adımdan və bütün VMF kollektivi adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, hətta ANS-sizlik şəraitində çalışan mətbuat orqanlarına tövsiyə edirəm ki, sizə inanan auditoriyanıza bir neçə mənbədən yoxlanılmış dəqiq, qərəzsiz və vicdanlı məlumat verəsiniz”.